VIII Azərbaycan-Rusiya Gənclər Forumu keçirilib

Hazırda oxunan: VIII Azərbaycan-Rusiya Gənclər Forumu keçirilib

6029

Dekabrın 22-də onlayn formatda VIII Azərbaycan-Rusiya Gənclər Forumu keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev və Rusiya Gənclər və Uşaq Təşkilatlarının Milli Şurasının sədri Qriqoriy Petuşkovun sədrliyi ilə keçirilən forumda iki ölkənin parlament üzvləri, dövlət qurumlarının, ali təhsil müəssisələrinin, media və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İntiqam Babayev və Rusiyanın elm və ali təhsil nazirinin müavini Yelena Drujinina forumda giriş sözü ilə çıxış edərək Azərbaycanda və Rusiyada həyata keçirilən dövlət gənclər siyasəti, iki ölkə arasında olan dostluq münasibətləri, iqtisadi və humanitar sahədə reallaşdırılan layihələr haqqında ətraflı məlumat veriblər.

Azərbaycan Respublikası Milli Məclisin üzvləri Şahin Seyidzadə və Emin Hacıyev, Rusiya Federasiyası Dövlət Dumasının üzvü Natalya Kuvşinova, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin direktoru Fərid Şəfiyev, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin sədri Elnur Əliyev və “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaşlığı, o cümlədən siyasi, iqtisadi-ticarət, sosial, mədəniyyət, humanitar və təhsil istiqamətlərində intensiv siyasi dialoqun və praktiki əməkdaşlığın mövcud olması haqqında danışıblar.

Daha sonra forum 2 plenar bölmə üzrə işini davam edib. 1-ci bölmənin mövzusu “Azərbaycan Respublikasının və Rusiya Federasiyasının gənclər təşkilatları arasında əməkdaşlığın reallıqları və perspektivləri”, 2-ci bölmənin mövzusu isə “Mədəniyyətlərarası dialoq. Tarixi və mədəni irsin qorunması” olub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və 30-dan artıq gənclər təşkilatının nümayəndələri plenar bölmələrdə çıxış edərək həyata keçirlən layihələr haqqında məlumat verib, təcrübə və fikir mübadilələri aparıblar. Forumun yekununda iştirakçılar iki ölkə gəncləri arasında əməkdaşlığın gücləndirilməsinə dair təkliflər səsləndiriblər.

Qeyd edək ki, VIII Azərbaycan-Rusiya Gənclər Forumu Azərbaycanın Gənclər və İdman Nazirliyinin, Rusiyanın Elm və Ali Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Rusiya Gənclər və Uşaq Təşkilatlarının Milli Şurasının birgə təşkilatçılığı ilə keçirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin