Nikahdan kənar doğulan uşaqlara ALİMENT DAVASI - Tək övlad böyüdən valideyn nə etməlidir? 

Hazırda oxunan: Nikahdan kənar doğulan uşaqlara ALİMENT DAVASI - Tək övlad böyüdən valideyn nə etməlidir? 

0:00
0:00
60285

Sağlam evlilik və ailə təməlinin qurulması yolunda önəmli sayılan addımlardan biri də rəsmi nikah hesab olunur. Təsadüfi deyil ki, son zamanlar rəsmi nikahın önəmliliyi və əhəmiyyəti haqqında bir sıra qurumlar və təşkilatlar tərəfindən güclü təbliğat işləri aparılır.

Lakin təəsüflə qeyd etmək lazımdır ki, ailə həyatı quran əksər şəxslər rəsmi yox, dini nikaha üstünlük verirlər və ya ümumiyyətlə vətəndaş nikahında yaşayırlar. Zamanla da meydana çıxan fəsadların acı nəticəsini görməyə başlayırlar.

Sosial işçi kimi çalışan Fidan Hacıyeva Bizim.Media-ya açıqlamasında bildirir ki, bu problem daha çox rayon yerlərində müşahidə edilir:
 

MÖVZU İLƏ BAĞLI:

Övlad götürən ailələr dağıldıqda ALİMENT qaydası qalırmı? – Vəkildən AÇIQLAMA


“Praktikama əsasən deyə bilərəm ki, bu tip vətəndaşların yarısından çoxunun sənədləri qaydada olmur. Adətən insanlar xərc çəkib bütün adətlərə uyğun toy edirlər, amma rüsumu çox az olan rəsmi nikaha girməyi yaddan çıxarırlar və ya bilərəkdən görməzdən gəlirlər. Bu məslələrdə bir sıra problemlər faktordur. Amma ən önəmlisi əmlak məsələləridir. Çünki evlənməyi düşünənlərin bir çoxu artıq mal-mülk mövzularını da gözdən keçirir. Rayon yerlərində bu problem daha geniş hal alıb”.

Vəkil Ruslan Vəliyev rəsmi nikahı olmadan, tək başına övlad böyüdən qadınların hüquq və imtiyazlarından danışıb. Onun sözlərinə görə, rəsmi nikah olmasa da valideyn övladına hər mənada dəstək göstərməyə borcludur və bu qanunvericiliklə tənzim olunur:

“Qanunvericiliyimizin uşaq hüquqlarına aid olan hissəsi həmçinin BMT-nin beynəlxalq konvensiya və sənədlərini əhatə edir. Azərbaycan qanunvericiliyində uşaq rəsmi nikahdan dünyaya gəlməsə belə, onun hüquqları dövlət tərəfindən qorunur.

Rəsmi nikahda olmayan valideyn öz övladına həm maddi, həm də mənəvi dəstək göstərməyə borcludur. Aliment hər iki nikahdan doğulmuş uşaqlar üçün təyin oluna bilir və onlar arasında fərq yoxdur. Rəsmi nikahı olmayan qadın (kişi) uşağın bioloji atasından (anasından) aliment tələb etmək hüququ vardır. Bunun üçün ilk növbədə məhkəməyə müraciət olunmalıdır.

Uşağın doğum haqqında şəhadətnaməsində atasının (anasının) soyadı qeyd edilməyibsə, birinci növbədə atalığın (analığın) tanınması faktı məhkəmədə müəyyən olunmalıdır. Bu proseslərdən sonra qadının (atanın) bioloji atadan (anadan) aliment tələb etmək hüququ var”.

Ruslan Vəliyev həmçinin dövlət tərəfindən tətbiq olunan imtiyaz və yardımları da diqqətə çatdırıb:

“Dövlət tərəfindən tətbiq olunan yardım və imtiyazlara gəlincə isə, əgər hər iki şəxsin aylıq gəlirləri qanunvericiliklə müəyyən edilmiş məbləğdən azdırsa, onlar Əhalinin Sosial Müdafiəsi Nazirliyi və DOST mərkəzlərinə və digər pensiya, müavinət təyin edən qurumlara müraciət etməli və hər iki şəxs gəlir yerləri haqqında müvafiq sənədlər təqdim edilməlidirlər. Buna əsasən sosial müavinətlər təyin olunur”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin