Azərbaycanın müxtəlif bölgələrində milli bayramımız olan Novruz fərqli çalarlarla qeyd olunsa da, bəzi kəndlər bu qədim adət-ənənələri xüsusi həssaslıqla qoruyub saxlayır. Bu baxımdan Qax rayonunun Qaratala kəndi özünəməxsus yer tutur.
Qaratala kəndində Novruz bayramı illərin sınağından çıxmış qədim qaydalarla qeyd olunur.Belə ki, bayram günlərində uşaqlar toplu halda, əllərində torbalarla qodu-qodu gəzərək ev-ev dolaşır, şən nəğmələr oxuyurlar.
Onların səsi kəndə xüsusi bir bayram ab-havası bəxş edir. Uşaqlar oxuya-oxuya bayramı daha da şənləndirir, həm də ev sahiblərindən müxtəlif paylar – şirniyyatlar, yumurtalar və digər nemətlər toplayırlar.
Bu ənənə Qaratala kəndində bu gün də böyük sevinc və coşqu ilə yaşadılır. Uşaqların gülüşü, oxuduqları mahnılar və qapı-qapı gəzmələri kəndin hər bir guşəsinə Novruz ruhunu yayır. Bu adət həm insanların birliyini möhkəmləndirir, həm də paylaşma və sevinc hissini daha da artırır.
Beləcə, qədimdən gələn qodu-qodu ənənəsi bu kənddə yaşayır və hər il Novruz Bayramının ən rəngarəng və sevilən hissələrindən birinə çevrilir.
Kənd sakini Zəminə Daşdəmirovanın Bizim.Media-ya verdiyi məlumata görə, bu adət illərdir uşaqlar tərəfindən sevə-sevə yaşadılıb və qorunub saxlanılıb:
“Nəsildən-nəslə ötürülən bu ənənə uşaqların yaddaşında silinməz iz buraxır. Hazırda da bu ənənə öz canlılığını qoruyub saxlayır. Yaş fərqlərinə baxmayaraq, uşaqlar qruplar halında toplaşaraq qodu-qodu gəzirlər. Onlar ev-ev dolaşıb müxtəlif paylar toplayır, bayram nəğmələri oxuyaraq kəndə xüsusi şənlik qatırlar.
Daha sonra isə topladıqları həmin payları bir yerə yığaraq əvvəlcədən müəyyən etdikləri bir evdə toplaşırlar. Orada birlikdə süfrə açır, paylaşır, gülür, oynayır və bayramı öz aralarında böyük sevinc və coşqu ilə qeyd edirlər".
Bundan başqa, onu da qeyd edək ki, bu kənddə bayram günlərində insanlar həyətlərinin qarşısına stol açır, süfrələr bəzəyirlər. Hər kəs öz evindən müxtəlif nemətlər gətirərək bu süfrələrə qoşulur. Kənd sakinləri ocaq qalayır, samovar qoyur, isti çay süzərək bir araya gəlirlər.
Beləliklə, Qaratala kəndində Novruz Bayramı təkcə ev daxilində deyil, küçələrdə də böyük coşqu ilə qeyd olunur. Bu ənənə kənddə birlik, mehribanlıq və həmrəylik ruhunu daha da gücləndirir.



Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu.

































































































