Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Hazırda oxunan: Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

602684

Azərbaycan dövlət idarəçiliyində aparılan institusional dəyişikliklər yeni mərhələyə qədəm qoyub. İlham Əliyev tərəfindən martın 19-da imzalanan fərmanlar dövlət qulluğunda əməkhaqqı sisteminin müasir və dayanıqlı əsaslar üzərində yenidən qurulmasını nəzərdə tutur.

Vahid strukturun formalaşması

Yeni modelin əsas fəlsəfəsi əməkhaqqı sisteminin vahid struktur əsasında formalaşdırılması, onun daha şəffaf, ədalətli və nəticəyönümlü mexanizmə çevrilməsidir. Uzun illər ərzində müxtəlif əlavələr və qeyri-sabit ödənişlər hesabına formalaşan maaş sistemi artıq daha aydın və sistemli yanaşma ilə əvəz olunur.

Digər mühüm istiqamət isə dövlət qulluğunun cəlbediciliyinin artırılmasıdır. Əvvəlki modeldə əməkhaqqının böyük hissəsinin əlavələrdən ibarət idi. Bu işə yeni başlayan əməkdaşların daha aşağı əməkhaqqı almasına səbəb olurdu. Yeni yanaşma isə həm peşəkar mütəxəssislərin, həm də gənc və istedadlı kadrların dövlət sektoruna cəlbini stimullaşdırmağa yönəlib.

Dünya təcrübəsi: oxşar islahatların uğur modelləri

Dövlət qulluğunda əməkhaqqı təkmilləşdirilməsi istiqamətində dünya təcrübəsi də diqqət çəkir. Belə ki, bir çox ölkələr dövlət qulluğunda əməkhaqqı sistemini daha şəffaf və effektiv etmək üçün oxşar islahatlara imza atıb.

Yunanıstan

2010-2011-ci illərdə Yunanıstanda əməkhaqqı sistemi köklü şəkildə dəyişdirildi. Əvvəllər çoxsaylı əlavələrdən ibarət olan maaş strukturu vahid sistemə salındı, əlavə ödənişlərin böyük hissəsi vəzifə maaşına inteqrasiya edildi.

Nəticədə şəffaf və idarəolunan sistem formalaşdı. Dövlət büdcəsinə nəzarət gücləndi, maaşların hesablanmasında qeyri-müəyyənlik aradan qalxdı. Bu model göstərdi ki, sadələşdirmə şəffaflığın əsas açarlarından biridir.

Sloveniya

2024-cü ildə Sloveniya dövlət sektorunda vahid maaş şkalası tətbiq edərək bütün sistemi mərkəzləşdirdi. Pilləli struktur və aydın meyarlar əməkhaqqının hesablanmasını tam şəffaf hala gətirdi. Nəticədə dövlət sektorunda maaş fərqləri daha əsaslandırılmış və ölçülə bilən oldu.

Eyni zamanda fiskal sabitlik qorundu və idarəetmədə sistemlilik gücləndi. Sloveniya modeli dünyada balanslı islahatın uğurlu nümunəsi kimi qiymətləndirilir.

Honq Konq

Honq Konqda dövlət xidmətində əmək haqqı sisteminin dəyişdirilməsi ilə bağlı aparılmış empirik tədqiqatlar isə göstərir ki, dövlət qulluqçularının əmək haqlarının 10 faiz artırılması qeyri-şəffaflıqla bağlı şikayətlərin təxminən 4 faiz azalmasına səbəb olub. Eyni zamanda, bu sahədə cinayət işləri üzrə məhkumluq hallarının da azalması müşahidə edilib.

Azərbaycan modelinin üstünlükləri

Göründüyü kimi, Azərbaycan dövlət qulluğunda əməkhaqqı islahatları üzrə seçilən kurs təsadüfi deyil. Bu yanaşma dövlət qulluğunda əməkhaqqı sisteminin dah optimal və balanslı, sabit və effektiv modelə keçirilməsinə hesablanmaqla yanaşı, dünya təcrübəsi ilə də üst-üstə düşür.

Bu isə onu göstərir ki, həyata keçirilən islahatlar qlobal çağırışlara uyğundur. Üstəlik yeni əməkhaqqı sistemi uzunmüddətli perspektivdə daha effektiv, şəffaf və rəqabətqabiliyyətli dövlət idarəçiliyi modelinin formalaşmasına xidmət edir.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin