Xəbər verdiyimiz kimi, PA-nın keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənlinin ABŞ-da biznesi ilə bağlı faktlar ortaya çıxıb. Belə ki, Şamxal Həsənlinin səhmdarı olduğu “Zylberglait Group” şirkətində xeyli sayda erməni əsilli şəxslərlə ortaq olduğu da məlum olub.
Əli Həsənov tərəfindən Azərbaycandan çıxarılan pulları ermənilərlə ortaq biznes fəaliyyətinə yatıran Şamxal Həsənlinin sözügedən fəaliyyəti ilə bağlı hüquqşünas Aslan İsmayılov Bizim.Media ilə fikirlərini bölüşüb.
MÖVZU İLƏ BAĞLI:
Əli Həsənovun oğlunun erməni ortaqları – FOTOFAKT
“Əli Həsənovun, oğlunun ermənilərlə ortaqlığının üzə çıxdığını qeyd etdiniz. Onlar ermənidən betərdirlər. Azərbaycan xalqına Əli Həsənovun vurduğu zərbəni heç bir erməni vurmayıb. O, vəzifədə olduğu dövrdə Azərbaycan ziyalılarını, Azərbaycanı düşünən insanları hamsını məhv etməyə çalışıb, hamısı haqqında qarayaxma kampaniyası aparıb”, - deyə Aslan İsmayılov qeyd edib.
Aslan İsmayılov Əli Həsənovun Azərbaycana dövlət vəsaitlərini mənimsəməkdən daha ağır zərərlər vurduğunu da diqqətə çatdırıb:
“Mənim haqqımda əks fikirlər yazanlara bir neçə mənzil verib. Təki yazsınlar ki “Aslan İsmayılov ermənilərin agentidir”. Aslan İsmayılov bütün həyatını Azərbaycan dövlətinə, onun müstəqilliyinə adayıb. Ona görə də, onların tək əmlakları mənimsəmələri boş şeydir. Onlar Azərbaycanın genefondunu məhv ediblər. Onları ermənilərlə əməkdaşlıq etdikləri üçün ittiham etmək çox yüngül olardı, ona görə ki, onlar ermənidən betərdilər. Onlar Azərbaycan xalqına ermənidən artıq zərər vurublar”.
Aslan İsmayılov Əli Həsənovun konkret cinayətləri ilə bağlı məlumat verdiyini, lakin buna müvafiq araşdırma aparılmadığını da qeyd edib.
“Əli Həsənov 10 milyonlarla dollarları KİVDF fondundan yeyib. Vüqar Səfərli qurbanlıq keçidir. Bu işlərin başında duran Əli Həsənov olub. Orda yeyilən milyonların əksəriyyəti Əli Həsənovun ortağı Mürvət Həsənlinin əli ilə baş tutub. Əli Həsənov, Mürvət Həsənli illərlə məni, ailə üzvlərimi təhqir etdirib, haqqımda şər-böhtan yayıblar”, - hüquqşünas əlavə edib.
Murad Əhmədov, Bizim.Media