Xəbər verdiyimiz kimi, Neftçala rayonunda iki yeniyetmənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə səhər saatlarında rayonun Qaçaqkənd kəndi ərazisində qeydə alınıb.
MÖVZU İLƏ BAĞLI: Neftçalada faciəvi QƏZA – Yeniyetmə qardaşlar həyatını itirdi – VİDEO
Qazaxbərəsi kəndində qeydiyyatda olan 2009-cu il təvəllüdlü Manaflı Rəvan Vüsal oğlu və qardaşı, 2011-ci il təvəllüdlü Manaflı Əli Vüsal oğlu valideynlərinə məxsus “Nissan” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək şor kanala aşıblar.
Avtomobil kanal kənarındakı qaz borusunu qıraraq suya düşüb. Hadisə qardaşların mağazadan qayıdarkən, evlərinə təxminən 200 metr məsafə qalmış baş verib.
Nəticədə hər iki qardaş hadisə yerində həyatını itirib. Meyitlər sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, yeniyetmələrin düşərək boğulduğu kanal döngəli yolun kənarında yerləşir və bu ərazidə daha əvvəl də oxşar hadisələr baş verib. Kanal ətrafında qoruyucu baryerlərin olmaması təhlükəni daha da artırır.
Həmçinin yeniyetmələrin valideynləri Bakıda yaşayır. Onlardan biri kənddə babasının yanında qalırmış. Ailə bayram münasibətilə kəndə gəlibmiş. Ailənin elə iki övladı var idi.
Faktla bağlı araşdırma aparılır.





Sabutay, Bizim.Media, Cənub bürosu





























































































