Vüqar Qurbanovun səhvi nə idi?

Hazırda oxunan: Vüqar Qurbanovun səhvi nə idi?

602438

İnsana həyatda yüksək etimad bir dəfə verilir, amma onu doğrultmaq üçün hər gün əzmlə işləmək lazımdır. Görünür, Vüqar Qurbanov bu həqiqəti təzə öyrənibmiş. Ona səhiyyə sahəsinin ən kritik nöqtələrində böyük məsuliyyət etibar edilmişdi, amma nəticələr bunun əksini göstərdi.

Dövlətin ən strateji sahələrindən biri sayılan, insanların can sağlığını etibar etdiyi şəxsin fəaliyyəti, təəssüf ki, qalmaqalların mərkəzində qalmaqla yadda qaldı. Səhiyyədə “yeni dövr” vəd edənlərin gəldiyi nöqtə TƏBİB-in səlahiyyətində olan xəstəxanalardakı rəzalət, dərman çatışmazlığı və tibbi personalın narazılığı oldu. Vüqar Qurbanovun rəhbərliyi dövründə TƏBİB tibbi tənzimləmə qurumundan çox, sanki qaranlıq kadr sövdələşmələrinin və şəffaf olmayan tenderlərin poliqonuna çevrildi.
 

Onun fəaliyyəti dövründə səhiyyə sahəsində sistemli problemlərin azaldılması gözlənilsə də, əksinə, narazılıqlar daha da artdı. Xəstəxanalarda xidmət keyfiyyəti, vətəndaş məmnunluğu və idarəetmə məsələləri tez-tez tənqid hədəfinə çevrildi. Ən ciddi problem isə şəffaflıq məsələsində ortaya çıxdı. Tenderlər, maliyyə axınları və kadr təyinatları ilə bağlı yayılan iddialar sensasiya yaratdı.


2022-ci ilin sentyabrından bu məsuliyyətli postu tutan Vüqar Qurbanovun fəaliyyəti dövründə bu sistemdə şəffaflığın artırılacağı və icbari tibbi sığortanın tətbiqindəki boşluqların aradan qaldırılacağı gözlənilirdi. Lakin reallıq fərqli oldu.



Məlumata görə, TƏBİB-də aparılan audit yoxlamaları və maliyyə təftişləri milyonlarla manatlıq vəsaitin mənimsənilməsini və ciddi büdcə pozuntularını üzə çıxarıb. Bu pozuntuların birbaşa qurumun rəhbərliyi ilə əlaqəli olduğu və Vüqar Qurbanovun idarəçiliyindəki boşluqların dövlət büdcəsinə ağır zərbə vurduğu qeyd edilir.
 

Məsələnin digər qalmaqallı tərəfi isə kadr təyinatları ilə bağlıdır. İddia olunur ki, onun rəhbərliyi dövründə regionlardakı xəstəxanalara rəhbər təyinatları şəffaf meyarlar əsasında deyil, subyektiv maraqlar çərçivəsində aparılıb. Hətta, bəzi məlumatlara görə, qeyri-rəsmi məclislərdə vəzifə paylanılması barədə gəzən şayiələr qurumun nüfuzuna kölgə salıb. Rayon mərkəzi xəstəxanalarında aşkarlanan mənimsəmə halları və rəhbər şəxslərin ard-arda işdən çıxarılması da məhz bu uğursuz kadr siyasətinin nəticəsi kimi qiymətləndirilir.


Bununla yanaşı, media ilə münasibətlərdə yaranan gərginlik vəziyyəti daha da ağırlaşdırdı. Açıq dialoq əvəzinə qarşıdurma görüntüsü formalaşdı. Jurnalistlərlə yaşanan qalmaqallar, sualların cavabsız qalması və tənqidlərə sərt reaksiyalar idarəetmədə çevikliyin olmadığını göstərdi. Müasir idarəçilikdə informasiya ilə işləmək bacarığı əsas şərtlərdən biri olduğu halda, bu sahədə uğursuzluq diqqətdən qaçmadı.

Xüsusilə xaricdə fəaliyyət göstərən jurnalistlərlə bağlı ortaya atılan iddialar vəziyyəti daha da mürəkkəbləşdirdi, məsələnin cəmiyyətə təsiri kifayət qədər ciddi oldu. Çünki belə mövzular artıq təkcə idarəetmə yox, həm də etibar və reputasiya məsələsinə çevrilir.

Vüqar Qurbanov Səhiyyə Nazirliyini qaralamaq, nazirliyin nüfuzuna zərbə vurmaq üçün okeanın o tayına "sifarişli materiallar" ötürürmüş. Öz ambisiyalarını təmin etmək, rəqib gördüyü qurumu sıradan çıxarmaq üçün xaricdəki şəbəkədən alət kimi istifadə etmək hansı məntiqə sığır?
 

Bu, sadəcə etimadı doğrultmamaq deyil, bu, birbaşa dövlət qurumları arasında nifaq salmaq və xaricdəki məlum dairələrin əlinə fakt ötürməkdir. Vüqar Qurbanovun rəhbərliyi dövründə tibb müəssisələrində xəstələr dərman tapa bilmir, həkimlər maaş azlığından şikayət edirdi. Sən demə, icraçı direktorun başı xəstəxanaları düzəltməyə yox, nazirliyi necə "vurmağa" qarışıbmış.


Vüqar Qurbanovun gedişi əslində gözlənilən idi. Adam gərək oturduğu kreslonun ağırlığını hiss eləsin, o məsuliyyəti çiyinlərində daşımağı bacarsın. Belə həssas sahəni kiməsə etibar edəndə, oradan şan-şöhrət yox, nəticə tələb olunur.

Amma nə gördük? Şikayətlər, bitmək bilməyən tender sualları... (Mənbə: Demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin