Ev işlərinin ən yorucu mərhələlərindən biri çoxları üçün ütüdür. Paltarların yuyulması və qurudulması onsuz da vaxt aparır, üzərinə ütü də əlavə olunanda proses daha da uzanır. Halbuki paltaryuyan maşında edilən kiçik dəyişiklik paltarların xeyli az qırışmasına kömək edə bilər.
Bizim.Media xəbər verir ki, paltarların maşından qırışmış çıxmasının əsas səbəbi çox vaxt yanlış proqram seçimi və yüksək sıxma dövrləridir.
Doğru proqram seçildikdə isə paltarlar daha səliqəli, demək olar ütülənmiş kimi görünə bilər. Bir çox insan paltaryuyan maşında sürətli proqramdan və ya ən yüksək sıxma rejimindən istifadə etməyə üstünlük verir. Bu üsul vaxt qazandırır kimi görünsə də, parça liflərini daha çox sıxdığı üçün paltarların qırışmasına səbəb olur. Xüsusilə pambıq və sintetik parçalar yüksək dövrdə sıxıldıqda qat izləri daha aydın görünür. Nəticədə ütüyə ehtiyac artır.
Gündəlik geyimlər üçün sintetik və ya həssas yuma proqramı daha uyğun sayılır. Bu rejimlərdə sıxma dövrü aşağı olur, parçalar daha az əzilir, paltarın forması qorunur və qırışların yaranması azalır. Köynək, kofta, futbolka və şalvar kimi geyimlər üçün bu proqramlardan istifadə daha yaxşı nəticə verir.
Qırışların yaranmasına təsir edən digər vacib amil sıxma dövrüdür. Çox yüksək dövr paltarları tambur daxilində həddindən artıq sıxdığı üçün qırışların yaranmasına səbəb ola bilər. Buna görə sıxma dövrünün adətən 800–1000 aralığında saxlanmasını məsləhət görülür. Daha aşağı dövr həm parçanın formasını qoruyur, həm də paltarların daha səliqəli çıxmasına kömək edir.
Paltaryuyan maşında tez-tez edilən səhvlərdən biri də onu həddindən artıq doldurmaqdır. Maşın çox dolu olduqda paltarlar sərbəst hərəkət edə bilmir və bir-birinə sıxılır. Bu da yuma bitdikdən sonra paltarların daha qırışmış görünməsinə gətirib çıxarır. Buna görə onun təxminən üçdə iki hissəsinin doldurulması daha düzgün hesab olunur.
Proqram bitdikdən sonra paltarları maşının içində uzun müddət saxlamaq da qırışların artmasına səbəb ola bilər. Nəm parçalar qatlanmış vəziyyətdə qaldıqda bu izlər qalıcı olur. Buna görə yuma bitən kimi paltarları çıxarıb asmaq tövsiyə edilir. (Demokrat.az)
Bizim.Media



































































































