Xəbər verdiyimiz kimi, martın 12-də ali təhsil müəssisələrinin magistratura pilləsinə 15 fevral 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının (I cəhd) yekun nəticələri elan edilib. Daha əvvəl qapalı və kodlaşdırıla bilən imtahanların nəticələri elan olunsa da, bu dəfə xarici dil fənni üzrə essenin balı elan olundu, bununla da I cəhd üzrə yekun nəticələr bəlli oldu.
Qeyd edək ki, ölkə üzrə maksimium, yəni 100 balı toplayan yoxdur, ən yüksək bal 96-dır.
Mayın 17-də II cəhd imtahanının keçirilməsi gözlənilsə də, bakalavrlara hazırki vəziyyət, cari il yaranacaq rəqabət mühiti maraqlıdır.
Xatırladaq ki, ötən il yüzlərlə plan yeri dolmadı, boş yerlər qaldı.
Bəs builki ilkin nəticələr nə deyir? Bakalavrları ciddi rəqabət gözləyir?
Bizim.Media mövzu ilə bağlı təhsil eksperti Elmin Nurinin fikirlərini öyrənib. Ekspert builki müsabiqənin nəticələrinin də ötənilki kimi olacağını düşünür:
"Son bir neçə ilin statistikaları göstərir ki, magistratura təhsili üzrə qəbul imtahanının II cəhdi I cəhddən aşağı olur. Yəni artıq ortalama statistika göstəriciləri demək olar ki, I cəhd imtahanından sonra müəyyən olub. Biz II cəhd magistratura imtahanından qeyri-adi nəsə gözləyə bilmərik".
“I və II cəhd imtahanı arasında fərq olmayacaq”.
"Bu il plan yerlərinin ötən ilki kimi boş qalacağını demək üçün hələ tezdir. Çünki magistr jurnalının bir hissəsi hələ çap olmayıb, ixtisaslar üzrə ayrılan yerlər hələ bəlli deyil. Ancaq hazırki vəziyyətə görə deyə bilərəm ki, builki statistikalar da ötən ilkinin təkrarıdır.
Əgər bu gedişat plan yerlərində də özünü göstərsə, ötənilki nəticəylə qarşılaşa bilərik. Buna görə də plan yerlərinin tam dolacağı, bakalavrlar arasında ciddi rəqabət mühiti olacağı gözlənilmir", - deyə müsahibimiz qeyd edib.
Nəzrin Mirzəyeva, Bizim.Media
































































































