Buraxılış imtahanı sualları ilə bağlı şikayətlərə DİM sədrindən CAVAB

Hazırda oxunan: Buraxılış imtahanı sualları ilə bağlı şikayətlərə DİM sədrindən CAVAB

601421

“Hazırda emosiyaların sağlam məntiqi üstələdiyini görürük. Çox təəssüf ki, demək olar, hər dəfə imtahandan sonra eyni vəziyyətlə üzləşirik”.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə 9 martda keçirilən buraxılış imtahanı suallarının çətin düşməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib.

“Biz dəfələrlə qeyd etmişik ki, DİM-in test bankında tapşırıqlar çətinlik dərəcələrinə görə kateqoriyalara ayrılır və imtahanlarda hər üç mürəkkəblik səviyyəsinə uyğun tapşırıqlardan istifadə olunur.
 

İmtahanlardan sonra şagirdlərin və valideynlərin həyəcanını və narahatlığını başa düşürük. Bu imtahanlar minlərlə gəncin gələcəyi ilə bağlı mühüm mərhələdir və onların hər birinin keçirdiyi hissləri anlayışla qarşılayırıq. Dövlət İmtahan Mərkəzi üçün ən vacib məsələ imtahan prosesinin ədalətli, şəffaf və hər bir iştirakçı üçün bərabər şərtlər altında keçirilməsidir.


Bununla belə, insanlar bəzən imtahanın məqsədini düzgün qiymətləndirmirlər. Buraxılış imtahanları yekun attestasiya ilə bərabər, ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsidir. Həmçinin kollecə qəbul olmaq üçün də bu nəticələr əsas götürülür. Yəni biz bilik və bacarıqlarına görə imtahan iştirakçıları arasında müəyyən seçim etməliyik. Ona görə də imtahanda çətin tapşırıqlar da olur. Çünki yüksək hazırlıqlı abituriyentləri də fərqləndirmək lazımdır.

Ancaq kimsə iddia edə bilməz ki, imtahan ümumilikdə çətindir və iştirakçıların testlərə cavab vermək imkanları olmayıb”, - deyə o qeyd edib.

Məleykə Abbaszadə bildirib ki, ənənəvi təhlillər göstərir ki, test tapşırıqlarının çətin olması ilə bağlı bəzi insanlar tərəfindən səsləndirilən mülahizələr doğru olmur:

“İmtahanın çətinliyi ilə bağlı sosial şəbəkələrdə yazılanlara əsasən fikir yürütmək olmaz. Sosial şəbəkələrdə bəzən yalnız bir tapşırığa görə ümumilikdə imtahanın çətin olması fonu yaradılır.

Ancaq həqiqətdə belə olmur. Test blokunda orta və asan tapşırıqlar da yer alır. Bizim təhlillərimiz də bunu göstərir. İmtahanda istifadə olunan testlərin etibarlılıq əmsalları çox yüksəkdir. Mən hər bir müəllimə, ekspertə, eləcə də pedaqoji ictimaiyyət nümayəndələrinə DİM-in saytında yerləşdirilən “Abituriyent 12” jurnalını açıb oxumağı tövsiyə edirəm. Hər hansı bir fikir yürütməzdən əvvəl, gərək sizin əlinizdə onları əsaslandıra biləcək məlumat bazası olsun.

Bu xüsusilə kütləvi imtahanlar zamanı çox vacibdir.

Statistik təhlillərimizdə yer alan bir məsələyə də diqqət çəkmək istəyirəm. 2023-cü ildə 9-cu sinif üzrə və 2025-ci ildə 11-ci sinif üzrə buraxılış imtahanlarında iştirak edən eyni şagirdlərin imtahandan aldıqları qiymətlərin paylanmasına baxsanız, aydın olur ki, nəticələr arasında korrelyasiya, yəni uyğunluq var. Məsələn, riyaziyyat fənni üzrə nəticələri müqayisə etsək görərik ki, 9-cu sinifdə 75-100 bal toplayan şagirdlərin 86.4%-i həmin nəticəni 11-ci sinif buraxılış imtahanında da təkrarlayıb. Eləcə də 9-cu sinifdə 0-25 bal toplayanların 87.6%-i 11-ci sinifdə yenə həmin aralıqda bal toplaya bilib. Yəni statistika göstərir ki, fundamental bilik və bacarıqları aşağı siniflərdə zəif olan şagirdlər sonrakı dövrlərdə göstəricilərini artıra bilmirlər. Ancaq məktəbdən kənar fərdi hazırlıqla məşğul olan şəxslər və ya kurslar belə şagirdləri müəyyən vədlər verməklə özlərinə cəlb edirlər. Yekun nəticədə isə həmin şagirdlər iki il sonra lazımi balı toplaya bilmədikdə məsuliyyəti daha çox imtahanın və onun çətinliyinin üzərinə yükləməyə çalışırlar. Halbuki valideyn müəyyən edə bilər ki, 9-cu sinifdə imtahan verən övladı 11-ci sinifdə təqribən nə qədər bal toplaya biləcək. Bunların hamısı bizim təhlillərimizdə yer alır.

Yeri gəlmişkən, bir məsələni də qeyd edim. Həftəsonu növbəti istiqamət üzrə buraxılış imtahanıdır. Biz artıq bilirik ki, bəzi insanlar ayın 9-u, bəziləri isə ayın 15-də olan imtahanın asan və ya çətin olduğunu iddia edəcəklər. Ancaq iştirakçılar real imtahan şəraitini nəzərə almırlar. 9-u imtahan verən rahat şəkildə evdə oturaraq vaxt limiti və s. amilləri nəzərə almadan testlərə baxıb asan deyəcək, digərləri isə əksinə birinci imtahanı asan hesab edəcək. Çünki imtahan iştirakçıları sualları vaxt limiti, imtahan mühiti və psixoloji gərginlik kimi amilləri nəzərə alaraq cavablandırırlar, sonradan testlərə baxanlar isə həmin şəraitdən kənarda qiymətləndirmə aparırlar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin