İlber Ortaylının Elçibəylə hansı ortaqlığı var idi? - Məşhur tarixçinin Azərbaycan marağının arxasındakı səbəblər

Hazırda oxunan: İlber Ortaylının Elçibəylə hansı ortaqlığı var idi? - Məşhur tarixçinin Azərbaycan marağının arxasındakı səbəblər

601385

Bu gün türk dünyasının məşhur tarixçilərindən biri olan İlber Ortaylı müalicə aldığı xəstəxanada vəfat edib. İlber Ortaylı 1947-ci ildə Avstriyada doğulub. 2 yaşında ailəsiylə birlikdə Türkiyəyə köçüb. İbtidai və orta təhsilini İstanbul Avstriya liseyində tamamlayıb. Ankara Universitetinin Dil, Tarix və Coğrafya Fakültəsinin tarix bölümünü bitirib. Bundan başqa Vyana Universiteti Slavistik və Orientalistik Bölümündə təhsil alıb.  
 

İ.Ortaylı Osmanlı İmperiyası tarixi üzrə mütəxəssis kimi tanınır. Uzun illər universitetlərdə dərs deyib və bir müddət Topkapı Sarayı Muzeyinin direktoru olub. Tarix, dövlət idarəçiliyi və mədəniyyət mövzularında yazdığı kitablar və televiziya çıxışları ilə geniş auditoriya qazanıb.


Ortaylı tez-tez çıxışlarında Azərbaycan haqqında fikirlər səsləndirib. Tarixçi müxtəlif illərdə Azərbaycanda keçirilən konfrans və tədbirlərdə iştirak edib, universitetlərdə mühazirələr oxuyub. Azərbaycanı türk dünyasının mühüm ölkələrindən biri kimi qeyd edib. 

Bildirib ki, Qafqazın tarixini anlamaq üçün Azərbaycan tarixini yaxşı bilmək lazımdır.

Tarixçi bir neçə müsahibəsində bildirib ki, Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəy sovet dövründə türk dünyası ideyalarını açıq şəkildə müdafiə edən nadir ziyalılardan idi.  Deyirdi ki, Elçibəy akademik mühitdən gələn və tarixə marağı olan siyasətçi idi. Çünki Elçibəy həm də şərqşünas idi və Orta Şərq tarixi və dilləri üzrə araşdırmalar aparmışdı. 

Ortaylının Elçibəylə bu ortaq xüsusiyyəti ona qarşı rəğbətini formalaşdırmışdı. Hər zaman onun klassik siyasi fiqurlardan bir qədər fərqli olduğunu bildirib. Sadəcə Elçibəyin siyasətdə çox idealist olduğunu da qeyd edirdi, mürəkkəb siyasi və hərbi şəraitdə olan Azərbaycan üçün daha təcrübəli və realist rəhbər lazım idi. 

Buna görə də İlber Ortaylı Ulu öndər Heydər Əliyevi təcrübəli dövlət xadimi və güclü siyasi idarəçi kimi xarakterizə edirdi. 

Çünki Heydər Əliyev uzun illər yüksək vəzifələrdə çalışmış, böyük idarəçilik təcrübəsinə malik siyasətçi idi. Bu təcrübə sonradan müstəqil Azərbaycan dövlətinin qurulması və sabitliyin təmin edilməsində mühüm rol oynayıb.

Ortaylı həmçinin vurğulayırdı ki, Heydər Əliyev Türkiyə və Azərbaycan arasında münasibətlərin möhkəmlənməsinə xüsusi önəm verən liderlərdən biri olub və iki ölkə arasındakı strateji tərəfdaşlığın formalaşmasında mühüm rol oynayıb.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin