Qusar Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar vətəndaş qəbulu rayonun Bədişqala kəndində keçirilib.
Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səyyar qəbulda rayon icra hakimiyyətinin başçısı ilə yanaşı, RİH Başçısı Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə və müəssisələrin, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Bədişqala kənd sakinlərinin müraciətləri sırasında suvarma suyunun azlığı, qəbiristanlıq ərazisinin kol-kosdan təmizlənməsi, kəndin bir məhəlləsinin yolunun təmiri, istismara yararsız elektrik xətləri və dirəklərinin dəyişdirilməsi, kənd stadionunun təmirinə köməklik göstərilməsi, eləcə də torpaq sahəsi ilə təminat məsələləri yer alıb.
Qaldırılan məsələlər nəzarətə götürülüb və həlli ilə bağlı aidiyyəti müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.



































































































