Qayınanasını döyən həkim amnistiyaya düşdü

Hazırda oxunan: Qayınanasını döyən həkim amnistiyaya düşdü

601049

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Kərəm Yusifzadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 04 fevral 2025-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən fərdi bağ evlərin mətbəxində qeydə alınıb.

Belə ki, təqsirləndirilən Kərəm Yusifzadə ilə qaynanası, zərərçəkmiş Cəmalə Əsədova (adı, soyadı şərtidir) arasında şəxsi münasibətlərin pozulması zəminində mübahisə yaranıb.
 

Mübahisə zamanı yumruqla qadının baş nahiyəsinə zərbə endirib. Hadisə nəticəsində zərərçəkmiş şəxsə posttravmatik ensefalopatiya (baş beyin disfunksiyası) ilə müşayiət olunan burun-alın nahiyəsinin qançırı kimi xarakterizə edilən bədən xəsarətləri yetirilib.


Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti kimi qiymətləndirilib.

Hadisədən sonra Kərəm Yusifzadə saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə o, qeyd olunan maddə ilə təqsirli bilinərək aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 9 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

Bununla yanaşı, məhkəmə tərəfindən “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilərək təqsirləndirilən şəxs təyin olunmuş cəzadan azad edilib. Həmçinin onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub.
 

Hökmdən narazı qalan Kərəm Yusifzadə apellyasiya şikayəti verərək Binəqədi Rayon Məhkəməsinin hökmünün ləğv edilməsini və ona Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə bəraət verilməsini xahiş edib.


Qeyd edək ki, Kərəm Yusifzadə Bakıda fəaliyyət göstərən poliklinikaların birində sahə həkimi vəzifəsində işləyir. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin