14 fevralda pis olan nədir? – Basabas gül dükanları, dolu restoranlar - AÇIQLAMA+SORĞU

Hazırda oxunan: 14 fevralda pis olan nədir? – Basabas gül dükanları, dolu restoranlar - AÇIQLAMA+SORĞU

60099

Hər il 14 fevral günündə şəhər küçələrində əlində güllə, böyük kukla və müxtəlif hədiyyələrlə dolaşan cütlükləri görmək mümkündür. Lakin bu bayramın ölkəmizdə qeyd olunması heç də hər kəs tərəfindən birmənalı qarşılanmır. Kimi “Valentin günü”nün dinimizə zidd olduğunu bildirərək qeyd etmədiyini deyir.

Kimisi isə milli sevgililər gününün 30 iyunda-20 Yanvar faciəsinin qurbanları olan iki sevən gənc İlham və Fərizənin evlilik günündə qeyd edilməli olduğunu bildirir.

Bizim.Media olaraq insanların 14 fevral gününə nə dərəcədə önəm verməsini aydınlaşdırmaq üçün kiçik sorğu apardıq. Sorğudakı cavabları sizə təqdim edirik:

Aynur Şahkərimova: “Qeyd etmirəm. Mənim bu məsələyə yanaşmam başqadır, həyatımdakı insan yaxşıdırsa, hər gün sevgi günüdür. Hər getdiyin yer, aldığın hədiyyə, edilən jest sevginin simvoludur. Yox, o insan pisdirsə, ilin bir günü getdiyin məkan, aldığın hədiyyə nəyi dəyişər?”

Suğra Cəfərova: “Ən yaxşısı 13-ü yatıb, 15-i oyanmaqdır” (zarafatla)

Vüsalə İbrahim: “Mən də xüsusi bir gün kimi qeyd etmirəm hər dəfə. Çünki yoldaşım yanımda olmur. Ona görə, yanımda olduğu hər anı, günləri özəl gün kimi qeyd etməyi sevirəm”.

Fatimə Əsgərova: “23 yaşım var. 5 ildir evliyəm və 18 fevralda da ad günümdür.  Bir dəfə də olsun nə ad günümdə, nə də 8 martda mənə özəl hədiyyə alınıb. Ona görə mənim üçün heç bir önəm kəsb etmir”.

Günay Məmmədova: “Bu gün həyat yoldaşımla mənim üçün çox özəl gündür. Biz hər il qeyd edirik”.

Sosioloq Əhməd Qəşəmoğlu Bizim.Media-ya bu gün haqqında öz fikirlərini bildirib. O, 14 fevralın qeyd olunmasını düzgün hesab etmir: 

“Sevən şəxslər bir vasitə axtarıb öz sevgilisini təbrik etmək istəyirsə, bunda pis bir şey yoxdur və tam əleyhinə də deyiləm. Lakin Valentin gününün çox təbliğ olunmasını da qəbul edə bilmirəm. Bakıda bu bayramı daha çox həvəslə qeyd edirlər. Rayon yerlərində cütlüklərin nəinki 14 fevral həmçinin 30 iyunda belə bayramı qeyd etməyə maraqları olmur”.

İlahiyatçı Elşad Miri bu məslənin dinlə əlaqəsinin olmadığını bildirərək bu günün tarixi haqqında danışıb:

“Bu günün tarixi qədim büdpərəst romanın “Lupercalia” festivalına gedir çıxır. Hansı ki, fevralın 15-i keçirilən bu festivalda qışdan sonra həyatın canlanması, bərəkət-rüzinin gəlməsi qeyd olunurdu. Roma xristianlaşdıqdan sonra bu bayram 14 fevral qeyd olunmağa başladı və bu günü “Əziz Valentin, Müqəddəs Valentin” dedikləri şəxslə əlaqələndirdilər. Günün qeyd olunması isə 496-cı ildə hakimiyyətdə olmuş Papa Gelasiusla bağlıdır. Çünki o, əziz Valentinin şəhid olduğunu hesab edirdi və günü xüsusi qeyd edirdi. Valentini isə sevən şəxslərin, əkinçiliklə, arıçılıqla məşğul olanların, gənclərin, imkansız şəxslərin qoruyucu əzizi kimi qələmə verirdi. Valentinin 3-cü əsrdə yaşadığı qeyd edilir.
 

O, əsgərlərin evlənməyinə qadağa qoyulmasına baxmayaraq, onları gizli şəkildə evləndirdiyi üçün öldürülmüşdü. 1969-cu ildə isə Valentin günü Romanın Katolik təqvimindən çıxarılıb. Buna baxmayaraq gün hələ də qeyd olunur”.


Bəs dini baxımdan bu günün qeyd olunması düzgün hesab olunurmu?

“Birinci növbədə islam dinində günah və haramlar bəllidir. Bu da Qurani-Kərimin 16-cı sürəsi olan 116-cı ayəsində rəbbimiz buyurur ki, o halaldır, bu haramdır deyə dilimizə nə gəldi deməyək. Digər tərəfdən 14 fevral günü xristian dini ilə əlaqəli olaraq meydana çıxıb daha sonra isə kapitalizmin bir hissəsinə çevrilib. Lakin sevgini bir günlə məhdudlaşdırmaq doğru deyil. Hər kəsin həyatında sevgilisi, həyat yoldaşı ilə bağlı özəl günləri ola bilər, bu da onların sevgililər günüdür. Bir sözlə, hər kəs bu günü bildiyi kimi qeyd etməkdə sərbəstdir”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin