Salyandakı qəzada ölən şəxs narkotik daşıyırmış - Sürücünü bıçaqla hədələyib... – DETALLAR

Hazırda oxunan: Salyandakı qəzada ölən şəxs narkotik daşıyırmış - Sürücünü bıçaqla hədələyib... – DETALLAR

600899

Salyan rayonu Şorsulu kəndi ərazisindən keçən avtomobil yolunda baş verən yol qəzasında ölən şəxsin narkotik vasitə daşıdığı müəyyən olunub.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
 

Bildirilib ki, 19 yaşlı Goranboy rayon sakini Nahid Orucsoy idarə etdiyi "Kia Forte" markalı avtomobillə idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb. Nəticədə avtomobildə sərnişin qismində olan 32 yaşlı Namaz Babayev aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.


Yol-nəqliyyat hadisəsi ilə bağlı polis əməkdaşları tərəfindən hadisə yerinin protokolu tərtib olunub, nəqliyyat vasitəsinə baxış keçirilib, sürücünün izahatı alınıb və hadisənin başvermə səbəblərinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib.

Araşdırma zamanı qəzaya uğramış avtomobilə baxış keçirilərkən qara polietilen torbanın içərisində narkotik vasitə hesab edilən marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Sürücü N.Orucsoy izahatında bildirib ki, martın 10-da Bakı şəhəri ərazisində kirayələdiyi avtomobillə qohumu Namaz Babayevlə birlikdə sonuncunun tanışı olan bir qadından pul götürmək məqsədilə Biləsuvar rayonuna gediblər. Göstərilən ünvana çatdıqda N.Babayev avtomobildən düşərək həmin ərazidən qara polietilen torba götürüb.

Daha sonra Bakı istiqamətində hərəkətlərini davam etdirərkən yol kənarında sayrışan işıqları görüb polis əməkdaşları ola biləcəyini düşünərək avtomobili saxlamaq istədiyini, lakin N.Babayevin buna etiraz edərək əlindəki qara torbanı avtomobilin pəncərəsindən atıb ona bıçaqla hədə-qorxu gələrək avtomobili saxlamadan sürəti artırmasını tələb edib.

N. Orucsoy hərəkətini yüksək sürətlə davam etdirib və müəyyən məsafə qət etdikdən sonra Salyan rayonu ərazisində idarəetməni itirərək avtomobili aşırıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hazırda ibtidai istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin