Ali Məhkəmədə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Əkbər Mübarizovun (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib. Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib, “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 3.1-ci bəndinə görə, Əkbər Mübarizova təyin edilən 2 il 3 müddətinə azadlıqdan məhrumetmə cəzası 6 aya azaldılıb.
İttihama görə, hadisə 07 mart 2024-cü il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “İ əməliyyatı” adlı kafedə qeydə alınıb.
Belə ki, Əkbər Mübarizov sifariş verdiyi musiqinin qısa ifa edildiyini deyərək, kafedə musiqi ifaçısı, zərərçəkmiş İlahə Dadaşlının (şərti) əyləşdiyi masaya yaxınlaşıb. Sonra o, masa üzərindən götürdüyü pivə bakalını atıb qəsdən qadının sifət nahiyəsindən vuraraq sağlamlığa az ağır zərər yetirib.
Hadisədən sonra Əkbər Mübarizov saxlanılaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib və təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbs edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib. (Pravda.az)
Bizim.Media






































































































