Midyələrdə ölümcül virus AŞKARLANDI – Azərbaycana da gətirilir?

Hazırda oxunan: Midyələrdə ölümcül virus AŞKARLANDI – Azərbaycana da gətirilir?

600764

Yaxın günlərdə Türkiyə mətbuatında çıxan xəbərlərə görə, İzmir Körfəzi’ndəki midyələrdə ictimai sağlamlığı təhdid edən viruslar aşkarlanıb. Belə ki, araşdırma nəticələrinə görə, yoxlanılan midyə hovuzlarının 26,7 faizində Hepatit A virusu (HAV), 30 faizində isə Norovirus (NoV) müəyyən edilib.

Bundan əlavə, virus yükünün midyənin birbaşa istehlak olunan ətli hissəsində cəmləşdiyi də müəyyən olunub.

Bu hal  xüsusilə dəniz məhsulu sevənləri təlaşlandırıb. Nəzərə almaq lazımdır ki, midyə Azərbaycanda da həm restoranlarda müştərilərə təqdim olunur, həm də midyə satışı küçə ticarətlərinin bir hissəsidir.

Bəs eyni təhlükə Azərbaycanda satılan midyələrdə də aşkarlana bilərmi?

Qida mütəxəssisi Asim Vəliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, Azərbaycanda da əhali tərəfindən  istehlak olunan midyələr yoxlanılmalıdır:

"Midyə suyu süzərək qidalanan canlıdır. Su çirkli olanda, o çirklənmə midyənin içində yığılır. Midyə bizdə də həm restoranlarda, həm də küçə ticarətində satılırsa, deməli risk də ola bilər".

Asim Vəliyev qeyd edib ki, midyədə hepatit virusunun aşkarlanması dəniz suyunun çirklənməsiylə bağlıdır:

"Hepatit virusu aşkarlanma ehtimalının səbəbi dəniz suyunun kanalizasiya çirklənməsinə məruz qalmasıdır. Hepatit A və norovirus kimi bağırsaq virusları bəzən çirkab sularla suya qarışa bilir. Midyə də həmin suyu süzdüyünə görə virusu yığa bilər”.

Mütəxəssis görülməli tədbirləri də açıqlayıb:

“Bir başqa risk mənbəyi nəzarətsiz yığımdır. Sahilə yaxın, liman ətrafı, kanalizasiya çıxışlarına yaxın yerlər daha problemlidir. Üstəlik yığılandan sonra daşınma və satış zamanı gigiyena qaydaları pozulursa, çirklənmə daha da arta bilir. Bu kimi risklərin qarşısını almaq üçün bir sıra nəzarət mexanizmləri lazımdır. Midyənin yığıldığı yerlər nəzarətə götürülməlidir. Riskli ərazilər ayrılmalı, oradan yığım məhdudlaşdırılmalıdır.
 

Sadəcə ümumi analizlə kifayətlənmək olmaz. Ehtiyac olduqda viruslarla bağlı laborator yoxlamalar da aparılmalıdır. Satışda izlənə bilmə olmalıdır. Sənədi, mənşəyi olan məhsula üstünlük verməliyik. Soyuq zəncirə əməl edilməlidir. Midyə isti mühitdə uzun qaldıqda, həm mikroorqanizmlər artır, həm də qida zəhərlənməsi riski yüksəlir.


Çiy məhsulla hazır yeməyin hazırlanması bir-birinə qarışmamalıdır. Çarpaz çirklənmədən qorumalıyıq. Ən çox risk küçə ticarətindədir. Burada çox vaxt məhsulun haradan gəldiyi, necə saxlandığı çox vaxt bilinmir",-deyə Asim Vəliyev xəbərdarlıqlar edib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin