Bu gündən etibarən ölkənin yüksək dağlıq ərazilərində qarölçmə işlərinə başlanılıb.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, aparılan işlərdə sözügedən qurumla yanaşı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin mütəxəssislərindən ibarət birgə qruplar da iştirak edir. Bu məqsədlə 5 istiqamət üzrə ekspedisiyalar təşkil edilib.
Ekspedisiyaların keçirilməsində əsas məqsəd ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi, eləcə də aprel, may və iyun aylarında – yaz-yay gursululuq dövründə çaylarda gözlənilən sululuğun proqnozlaşdırılmasıdır.
Ümumilikdə qarölçmə işləri 36 marşrut üzrə həyata keçiriləcək. Bu marşrutların 16-sı Böyük Qafqaz, 7-si Kiçik Qafqaz, 8-i Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının dağlıq əraziləri, 5-i isə Naxçıvan Muxtar Respublikasının dağlıq ərazilərini əhatə edir.
Tədqiqatlar Böyük Qafqazın Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Quba və Qusar, Kiçik Qafqazın Daşkəsən, Gədəbəy və Göygöl rayonlarında, həmçinin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarına daxil olan Kəlbəcər, Laçın, Şuşa və Xocavənd rayonlarında, eləcə də Naxçıvan Muxtar Respublikasının Şahbuz və Ordubad rayonlarında yerləşən çay hövzələrində aparılacaq.
Qarölçmə işləri zamanı qar örtüyünün hündürlüyü və çəkisi ölçüləcək, həmçinin qarın sıxlığı və sululuq ehtiyatları müəyyənləşdiriləcək.
Bizim.Media

































































































