Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur.
Bizim.Media xatırladır ki, Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər verir və Novruz bayramı ərəfəsində keçirilən üçüncü çərşənbədir. Bu çərşənbə xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə", "Yelli çərşənbə", "Külək çərşənbəsi" kimi də tanınır.
Yel çərşənbəsində evlərdə yenə də bütün çərşənbələrdə olduğu kimi qazanlar qaynamalıdır. Hamı evində olmalı və birlikdə süfrə başına yığışmalıdır. Stolun üzərində şirniyyatların olması bütün ilin şirin keçməsinin əsas göstəricisi hesab olunur.
Bu çərşənbə ilə bağlı illərin sınağından çıxaraq bu günümüzə qədər yaşamış və özünü doğrultmuş xalq hikmətləri, atalar sözləri var: "Yel əsməyincə yarpaq tərpənməz", "Yelin zarafatı qovmaqla başlanır", "Yelə verdiyin düşmənə qismət olar", "Yel apardığını qaytarmaz", "Yellə dost olan yellənə-yellənə qalar", "Yel bağlayanı el açar", "Yeldən aman diləməzlər", "Külək kimi hərdən bir yana əsmə", "Küləkli havada dənizdə çimməzlər", "Kələklə gələn, küləklə gedər", "Yeli əsdirəni söymək olmaz, çünki onun arxasında Tanrı dayanır, "Yelə tüpürsən, öz üstünə qayıdacaq. Onu çirkləndirmək mümkün deyil. Əksinə, Yel havamızı təmizləyir, yeniləyir, dəyişir".
Çərşənbə axşamları Tanrı ancaq xoş sözləri eşidir. Bu gün olunan dualar da tez qəbul olur.
Qeyd edək ki, martın 17-də axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Yaz fəslinin Azərbaycana daxil olması martın 20-də Bakı vaxtı ilə saat 18:45:53-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşəcək və Günəş düz şərqdə doğub, qərbdə batacaq.
Bizim.Media






























































































