Bir daha Babəkizm və Xürrəmilik haqqında...

Hazırda oxunan: Bir daha Babəkizm və Xürrəmilik haqqında...

60018
Moderator.az millət vəkili Fazil Mustafanın statusunu oxuculara təqdim edir:

"Dəyərli tədqiqatçı Faiq Ələkbərov "Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış" (I hissə). 2014 əsərində mənim "Azərbaycan türklərinin dini-fəlsəfi dünyagörüşü" (İstanbul 2005) kitabımdakı görüşlərə maraqlı formada isnad edib.

 Həmin hissəni diqqətinizə çatdırıram:
Xürrəmilik, o cümlədən bu hərəkatın əsas başçılarından olan Babəkin başçılığı ilə Ərəb Xilafətinə qarşı aparılmış mübarizə isə, müstəqillik dövründə birmənalı qiymətləndirilməmişdi. Belə ki, Azərbaycandakı bəzi tədqiqatçılar xürrəmilik və Babək haqqında SSRİ dövründəki mülahizələri müdafiə etdikləri halda, bəziləri xürrəmiliyi və Babəki Azərbaycan xalqına yad hesab edir, onların dini-fəlsəfi dün-yagörüşünün Azərbaycan türklərinin dünyagörüşü ilə üst-üstə düşmədiyini iddia edirlər. Belə tədqiqatçılardan olan F.Mustafayevə görə, xürrəmilik ruhlara, əxlaq qaydalarına və sosial tələblərə münasibətdə islam və xristan dinlərinə zidd olmuşdur:
 Â«Bu dinə Azərbaycan türklərinin bağlılığı barədə iddialar isə tamamilə əsassız və Etnik Azərbaycançılıq təliminin yanlış məhsulu olaraq qəbul edilməlidir. Etnik Azərbaycançılıq təliminə görə tarixi Azərbaycan coğrafiyasında hansı dövlət qurulmuşsa, o qədim Azərbaycan dövlətidir və çağdaş azərbaycanlılar da bu dövlətlərin və topluluqların varisləridirlər. Çox zaman da bu təlim coğrafi adlara əsaslanaraq mexaniki şəkildə hər termində müasir dilimizdə olan bir bənzərlik taparaq dili, dini, mədəniyyəti, ən başlıcası isə dini-fəlsəfə düşüncə sistemi türklərə tamamilə yad olan ünsürlərə və hadisələrə sahib çıxmaq məcburiyyətini aşılamışdır. Türklərlə heç bir əlaqəsi olmayan Albanların qəhrəmanı Cavanşiri, monoteist dini dünyagörüşü baxımından anti-islam mahiyyəti daşıyan Babəkizmi və xürrəmiləri milli qəhrəmanlar kimi təqdim etməni misal göstərmək olar» [174, 101]. F.Mustafayev Azərbaycan xürrəmilərinin başçısı Babəki İranla əlaqələndirir və S.Nəfsinin Babəklə bağlı mülahizələrinin doğru olduğunu qeyd edir. 
F.Mustafayev isə haqlı olaraq yazır ki, tək Tanrıya inamın nəticəsi olaraq türklər islamı qəbul etməkdə zorluq çəkməyiblər, sadəcə dinlərini dəyişiblər, inanclarını və etiqadlarını isə dəyişməyiblər: 

«Bu əslində ən məntiqli yanaşmadır. Göy Tanrı məfhumuna da bir iman anlayışı çərçivəsində baxılırsa, türklərin tarix içində müxtəlif dinləri qəbul etməsinə baxmayaraq, iman qoruyuculuğunda dəyişmədikləri düşüncəsinin sabit olduğunu qəbul edirik» [174, 32]. F.Mustafayevə görə, türklər islamı qəbul etdikdən sonra özünəməxsus yol tutmuş «islamın qoruyucusu», «islamın yüksəlişinin səbəbkarı» və s. isimlərlə tanınmışlar [174, 87]. Onun fikrincə, türklərin islam mədəniyyətini himayə və inkişafında başlıca rollarından biri də, monoteist düşüncə tərzinə uyğunluğundan daha çox milli inamlarındakı ədalət anlayışı ilə islamın ədalət prinsiplərini uzlaşdırmasıdır: «Məsələn, Türk törəsindəki olduğu dərəcədə qadının uca tutulması, ana haqqının qorunması heç bir dində və dini-fəlsəfi təlimdə mükəmməl təqdim olunmamışdır. Peyğəmbər Məhəmmədin insanlara anlatdığı Allahın «Ədalət» prinsipini mənimsəyən türklər; ərəblərin, farsların və başqa xalqların «Ədalət»i öz xalqlarının başqalarından üstünlüyü kimi qəbul etmələrindən fərqli olaraq Allahın «Ədalət»inin bütün yaratdıqlarına bərabər veriləcəyi düşüncəsini günümüzə qədər müxtəlif dövlət hakimiyyətlərinin əsas prinsipinə çevirərək yaşatmışlar» [174, 90]. O yazır ki, türklərin, o cümlədən Azərbaycan türklərinin zorla müsəlmanlaşdırılması ilə bağlı irəli sürülən yanlış fikirlərdən azad olmaq üçün ədəbiyyat, tarix, fəlsəfə və başqa ictimai elm sahələrinin məhdud azərbaycançılıq anlayışı ilə deyil, ümumtürk problemləri çərçivəsində öyrənilməsi vacibdir [174, 90]."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin