Vaxtilə Xırdalandan paytaxtın əsas istiqamətlərinə – Nizami metrosu (120 saylı), Azneft dairəsi (140), eləcə də 28 May (538) ərazisinə birbaşa hərəkət marşrut xətləri mövcud idi.
Bu da sərnişinlərin gündəlik gediş-gəlişində mühüm rol oynayırdı. Bu marşrutlar xüsusilə iş və təhsil arxasınca gedənlər üçün vaxt və xərc baxımından əlverişli hesab olunurdu. Lakin son illər birbaşa xətlər ləğv edilib və ya istiqaməti dəyişdirilib.
Yaxın keçmişdə şəhər statusu aldıqdan sonra daha da genişləndirilən, bölgələrdən gələn müvəqqəti yaxud daimi məskunlaşan vətəndaşlara da qucaq açan Xırdalandan Bakının mərkəzinə birbaşa marşrutun olmaması sakinlər arasında narazılıq və suallar yaradır.
Bir zamanlar mövcud olan bu birbaşa xətt yaxın gələcəkdə bərpa oluna bilərmi?
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-nın sorğusuna verilən cavaba görə, hazırda Xırdalan şəhəri də daxil olmaqla, ətraf əraziləri paytaxtın mərkəzi ilə əlaqələndirəcək yeni marşrutun təşkili nəzərdə tutulmur.
“Bu qərar ilk növbədə Bakının mərkəzində nəqliyyat sıxlığının azaldılması, marşrutların təkrarlanmasının qarşısının alınması və mövcud xətlərin daha nizamlı fəaliyyətinin təmin edilməsi məqsədilə qəbul edilib. Ətraf ərazilərdən Bakının mərkəzi hissələrinə birbaşa marşrut xəttinin açılması şəhərdaxili nəqliyyat yükünün balanslaşdırılması baxımından məqsədəuyğun hesab edilmir”.
Şəfiqə Şəfa, Bizim.Media


































































































