Rayon xəstəxanalarında elektron göndəriş sistemi niyə İŞLƏMİR? – TƏBİB-dən AÇIQLAMA

Hazırda oxunan: Rayon xəstəxanalarında elektron göndəriş sistemi niyə İŞLƏMİR? – TƏBİB-dən AÇIQLAMA

599472

Vətəndaşların icbari tibbi sığorta sistemi çərçivəsində bir tibb müəssisəsindən digər tibb müəssisəsinə müayinə və müalicə üçün göndərilməsi nəzərdə tutulur. Bu proses region xəstəxanalarında daha çox həyata keçirilir. Çünki regionlarda yerləşən xəstəxanalarda bəzi xəstəliklərin dəqiq müayinəsi, həmçinin müalicəsi üçün bütün müasir texniki avadanlıqlar yoxdur. Bu, göndəriş ixtisaslaşmış tibb müəssisələrinə daha çox olur. Lakin prosesin elektron sistem vasitəsilə həyata keçirilməsi bir sıra problemlər yaradır. Vətəndaşlar bəzi vaxtlarda region xəstəxanalarında elektron göndəriş sisteminin işləməməsi səbəbindən ciddi çətinliklərlə üzləşdiklərini bildirirlər.
 

Ötən həftə belə hal İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında da yaşanıb. Sistemdəki fasilə üzündən pasiyentlər ya saatlarla gözləməli, ya rayon mərkəzinə yenidən gəlməli, ya da paytaxt xəstəxanalarına öz vəsaitləri hesabına müraciət etməli olurlar. Bu problem təkcə bölgələrə xas deyil, paytaxt xəstəxanalarında da baş verir.


Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, sistemdə fasilələrin yaranmasının obyektiv səbəbləri var:

“Tibb müəssisələrində istifadə olunan elektron səhiyyə platformaları mərkəzləşdirilmiş qaydada fəaliyyət göstərir və ölkə üzrə vahid informasiya bazasına inteqrasiya olunub. Bu sistem vasitəsilə pasiyentlərin qeydiyyatı, elektron göndərişlərin verilməsi, tibbi xidmətlərin icbari tibbi sığorta çərçivəsində rəsmiləşdirilməsi və hesabatlılıq həyata keçirilir.

Belə platformalarda fasilələr bir sıra obyektiv səbəblərdən yarana bilər. Bunlara texniki yenilənmələr və proqram təminatının təkmilləşdirilməsi, server və şəbəkə yüklənməsinin artması, telekommunikasiya xətlərində yaranan nasazlıqlar daxildir. Xüsusilə pik saatlarda sistemə eyni vaxtda çoxsaylı müraciətlərin daxil olması qısamüddətli ləngimələrə səbəb ola bilər”.

Məlumatda qeyd edilib ki, qeyd olunan hallar baş verdikdə məsələ dərhal texniki dəstək xidmətinə yönləndirilir və operativ aradan qaldırılması üçün tədbirlər görülür:

“TƏBİB tərəfindən tibbi xidmətlərin rəqəmsallaşdırılması davamlı şəkildə həyata keçirilir və sistemin dayanıqlığının artırılması, texniki infrastrukturun gücləndirilməsi, ehtiyat server imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

Bununla yanaşı, tibb müəssisələrinə tapşırılıb ki, texniki fasilə yarandığı hallarda pasiyentlərin əlavə çətinliklərlə üzləşməməsi üçün alternativ təşkilati tədbirlər görülsün, zərurət olduqda müraciətlər qeydiyyata alınaraq sistem bərpa edildikdən sonra operativ şəkildə rəsmiləşdirilsin və vətəndaşlar vaxt itkisinə məruz qalmasınlar. İnfrastrukturun gücləndirilməsi və proqram təminatının davamlı yenilənməsi nəticəsində bu kimi halların minimuma endirilməsi istiqamətində tədbirlər davam etdirilir”.

Günay Şahmar, Bizim.Media

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin