Müharibə kölgəsində qalan XƏZİNƏ - Qacarlar və Pəhləvilər sülaləsinin varidatı bu sarayda saxlanılır – VİDEO

Hazırda oxunan: Müharibə kölgəsində qalan XƏZİNƏ - Qacarlar və Pəhləvilər sülaləsinin varidatı bu sarayda saxlanılır – VİDEO

599370

Tehranın şimalında, sakit bağda yerləşən Niyavərən tarixi komleksi ABŞ və İsrailin mümkün hədəflər arasında göstərildiyi üçün qəfil boşaldılır. Vaxtilə iki böyük şah sülaləsinin – Qacarların və Pəhləvilərin addım səsləri eşidilən, gülüş səslərinə qərq olan,  bu xəzinə kompleksi indi hərbçilərin tələsən ayaq səslərindən diksinir...

Çünki bu tarixi kompleks təkcə bir muzey deyil, İran monarxiyasının son nəfəsini, ən nadir sənət incilərini özündə saxlayan xəzinədir.

Kompleks bir neçə muzey binasından ibarətdir və burada nadir əşya və eksponatlardan başqa Qacar və Pəhləvi dövrünə aid mebel, qab-qacaq və xalçalar da qorunur. Xüsusilə dəyərli xalçalar, qədim dövrə aid mis, fil və ağacdan hazırlanmış dekorativ predmetlər, bundan başqa şah ailəsinin şəxsi kitabxanası və dəyərli nadir nəşrlər, o cümlədən klassik fars ədəbiyyatının əlyazmaları sözügedən muzeydə saxlanılır.

Saray ilk olaraq Qacarların 6-cı şahı olmuş Məhəmməd Əli Şah Qacar üçün tikilib.

Daha sonra Nəsrəddin şahın hakimiyyəti dövründə hərəmxana kimi istifadə etmək üçün Saheb Qaraniye Köşkü əlavə edildi. Sonuncu Şah Pəhləvi isə bu köşkü öz ofisi kimi istifadə edib. Burada Şah Pəhləvinin şəxsi diş həkimi kabineti də var.  

Yaxınlıqdakı Cahan-Nama Muzeyində isə təkcə Şahın deyil, həm də həyat yoldaşı Fərəh Dibanın şəxsi otaqları yerləşir. Kolleksiyaya 1970-ci illərdə şahbanu tərəfindən toplanan müasir və klassik dövrlərə aid əsərlər daxildir.
 

Pəhləvi dövründə kompleksə əlavə edilmiş pavilyon Məhəmməd Rza şah və ailəsinin iqamətgahına çevrilmişdi. 1958-1968-ci illər arasında tikilmiş bina, həm zərif, həm də möhtəşəm bir üsluba malik olmaqla, o zamankı şahların həyat tərzi sərgiləyir. Pavilyonun ən maraqlı xüsusiyyəti onun üstü açılan damı idi.


İslam İnqilabı dövründə bu saray Şahın ölkədən getməzdən əvvəl son ünvanı oldu. 16 yanvar 1979-cu ildə Şah Məhəmməd Rza Pəhləvi, həyat yoldaşı Fərəh Diba və onu müşayiət edən saray rəsmiləri Niyavərən sarayına toplaşmışdılar. Oradan isə səkkiz helikopterlə ayrılıb hava limanında özəl təyyarələrinə minərək ölkəni tərk ediblər.

Şah devrilib, şahlıq quşu perik düşsə də, İranın sonrakı rejimində də tarixin əhəmiyyətli dönəmini əkst etdirən, sərvətini qoruyan bu saray kompleksi yenə də yaşamına davam etdi. İnqilabdan sonra da qapıları bağlanmadı, yeni rejim dövründə muzeyə çevrildi.

Bu gün 5 hektarlıq ərazidə yerləşən möhtəşəm saraya hər kəs bilet alaraq daxil ola, bir zamanlar şah ailəsinin gəzdiyi zallarda addımlaya bilər. Amma neçə-neçə hökmdarların yüksəlişini və süqutunu görmüş bu divarlar indi başqa bir təhlükə ilə üz-üzədir: bu dəfə də bombardmanın kölgəsi altında öz sükutunu qorumağa məcbur qalacaq…


Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin