Bakı Apellyasiya Məhkəməsində ərini ehtiyatsızlıq nəticəsində öldürməkdə ittiham olunan Raidə Mahmudovanın barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.
Bizim.Media xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya protesti təmin edilməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.2 və 5.3-cü bəndləri tətbiq edilməklə dəyişdirilib və qadın təqsirli bilindiyi Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan azad olunub. Raidə Mahmudova barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunub.
İttihamda yazılıb ki, Raidə Mahmudova Xətai rayonu ərazisində birgə yaşadığı mənzildə aralarında yaranan mübahisə zamanı əri Hacı Mahmudovun baş nahiyəsinə küt alətlə zərbələr endirib, daha sonra onu çarpayıdan yerə itələyib. Nəticədə Hacı Mahmudov aldığı xəsarətlərdən ölüb.
Bu əmələ görə prokurorluq Raidə Mahmudovaya Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürüb. Lakin məhkəmə bu ittihamı təsdiq etməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Quliyevin sədrlik etdiyi məhkəmə kollegiyası hesab edib ki, hadisə Cinayət Məcəlləsinin daha yüngül - 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə uyğundur. Hökmə əsasən, Raidə Mahmudova cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. (Pravda.az)
Bizim.Media































































































