Şəkidə şəhid mayor Aqşin Abdullayevə həsr olunmuş "Səssiz addımların qəhrəmanı" adlı anım günü keçirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhid mayorun anım gününə şəhid ailə üzvləri, qazilər, eləcə də rayonun bütün təşkilatlarının nümayəndələri qatılıb.
Mərasimdə Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidin həyat və döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub.
Şəki 4 nömrəli Uşaq Musiqi məktəbinin müəllimlərindən ibarət ansamblın ifasında vətənpərvər motivli musiqilər səsləndirilib, tədbir boyu kompozisiyalar, rəqslər nümayiş etdirilib. Çıxış edənlər şəhid mayor Aqşin Abdullayevin şərəfli həyat və döyüş yolundan bəhs edib, onun Vətənə, torpağa və dovlətə olan sadiqliyi xüsusi vurğulanıb.
Qeyd olunub ki, Aqşin vətənpərvərliyi ilə gənc nəsil üçün əsl nümunədir. Onun xatirəsi daim qəlblərdə yaşayacaq və göstərdiyi qəhrəmanlıq heç zaman unudulmayacaq.
Tədbirin təşkil edilməsində məqsəd şəhid mayor Aqşin Abdullayevin əziz xatirəsini yad etmək, onun keçdiyi şərəfli ömür yolunu gənc nəslə tanıtmaq, vətənpərvərlik ruhunu gücləndirmək və vətən uğrunda canlarından keçən şəhidlərin qəhrəmanlığını gələcək nəsillərə çatdırmaqdır.








Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb



























































































