Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospektində fəaliyyət göstərən fiziki şəxs Fərid Əsgər oğlu Əsgərova məxsus "SushiNano" suşi emalı müəssisəsində plandankənar yoxlama keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulması halları müəyyən edilib.
"Qida obyektinin qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi aşkarlanıb. Həmçinin texnoloji ardıcıllıq prinsiplərinə riayət edilmir, havalandırma sistemi quraşdırılmayıb.
Bundan başqa, müəssisədə qida məhsullarının, alət və ləvazimatların yuyulması üçün ayrıca yuma çanaqları mövcud deyil, mütəmadi dezinfeksiya işləri aparılmır, soyuducu təmizlənmir, rəflərdə korroziya əlamətləri müşahidə olunub. Xammalın saxlanması zamanı temperatur rejiminə əməl edilmədiyi və qanunvericiliyin tələblərinə uyğun markalanması olmayan məhsullardan istifadə edildiyi də müəyyənləşdirilib.
Aşkar edilən uyğunsuzluqlarla bağlı obyektin rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub və nöqsanlar aradan qaldırılanadək müəssisədə istehsal dayandırılıb", - məlumatda qeyd olunub.


Bizim.Media




























































































