“Müasir dövrdə tibbi turizmin əhəmiyyəti çox böyükdür. Böyük təəssüflə qeyd etmək istəyirəm ki, tibbi turizm sahəsində ölkəmizin imkanlarından kifayət qədər istifadə edə bilmirik. Amma buna bizim imkanlarımız var”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin Əmək və sosial siyasət komitəsində “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
Deputat turizm sahəsində tədbirlər planının hazırlanmasını təklif edib:
“Hesab edirəm ki, bu istiqamətdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası birgə fəaliyyət göstərərək tibbi turizmin inkişafı üçün konkret tədbirlər planı hazırlamalı və onu həyata keçirməlidirlər. Tibbi turizmdən əldə olunan gəlir digər turizm növləri ilə müqayisədə 6–10 dəfə daha yüksək ola bilir. Bu baxımdan ölkəmiz bu sahədən əhəmiyyətli maliyyə vəsaiti əldə edə bilər”.
Komitə sədri, klinikalarda çalışan təcrübəli mütəxəssislərin beynəlxalq sertifikasiyadan keçməli olduğunu vurğulayıb.
O, klinikalarda aparılan müalicə və cərrahi əməliyyatların statistik göstəricilərinin, klinikalarda əməliyyatların uğur faizi, ağırlaşma göstəriciləri, pasiyent məmnunluğu reytinqlərinin açıq şəkildə təqdim olunmasını təklif edib:
“Tibbi turizm məqsədilə ölkəyə gəlmək istəyən şəxslər ölkəyə gəlmədən öncə məhz bu məlumatlara əsaslanaraq seçim edirlər. Ölkəyə gələn heç bir turist klinikadakı qiymətlə yox, onun və orada çalışanların reytinqinə baxır”.
Günay Şahmar, Bizim.Media

























































































