Yeni doğulmuş uşaqlarda sarılıq olma halları tez-tez rast gəlinən sağlamlıq problemlərindən biridir. Bu hal tibbdə nonatal sarılıq adlanır və körpə bədəninin yeni həyata uyğunlaşması səbəbilə yaranır.
Maraqlıdır ki, bu, hansı hallarda ölüm riski yarada bilir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan pediatr Günay Rəsulova bildirib ki, ölüm riski adətən çox olmasa da, qarşısını almaq üçün müəyyən tibbi şərtlərə əməl edilməlidir:
“Sarılığın əsas səbəbi qanda bilirubin adlı maddənin müvəqqəti olaraq yüksəlməsidir. Doğuşdan sonra sarılıq daha çox fizioloji səbəbdən baş verir. Bu, doğuşdan 2-3 gün sonra başlayır. Adətən 7-10 gün ərzində öz-özünə sağalma baş verir. Qan qrupuna görə uyğunsuzluq zamanı da sarılıq yarana bilər. Bu zaman isə ana ilə körpənin qan qrupu uyğun gəlmədiyindən qan hüceyrələri tez parçalanır və bu cür sarılıq ciddi nəzarət tələb edir.
Ana bətnində yarananlar isə daha ağır forma sayılır və mütləq müalicə aparılmalıdır. Bu, o vaxt ölümə səbəb ola bilər ki, müalicəsiz qalsın. Qan dəyişimi düzgün aparılmazsa və ya gecikdirilərsə, bu zaman da ölüm riski yarada bilər”.
Naibə Məmmədova, Bizim.Media


























































































