“Nizami City”nin vətəndaşın mənzilini təhlükəli hala saldığı bildirilir – “Gecələr növbə çəkirik” - FOTO

Hazırda oxunan: “Nizami City”nin vətəndaşın mənzilini təhlükəli hala saldığı bildirilir – “Gecələr növbə çəkirik” - FOTO

598594

“City Life” MMC (“Nizami City”) tərəfindən aparılan söküntü işləri nəticəsində Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi ("Nizami" metrostansiyasının yaxınlığı), 160 nömrəli evdə təhlükəli vəziyyət yaranıb.

Bizim.Media xəbər verir ki, bu barədə Pravda.az-a sözügeden mülkün sahibi Tamerlan İsayev məlumat verib.
 
Onun sözlərinə görə, “City Life” onun mülkünü yararsız hala salıb:

“Bu fakt Müstəqil Ekspertiza Mərkəzinin təqdim etdiyi rəy ilə də təsdiq edilib. Evin kommunikasiya xətləri yararsız hala düşüb, mövcud vəziyyət yaşayış üçün təhlükəli hal yaradıb. "City Life” MMC tələbləri kobud şəkildə pozaraq, qanunla qorunan hüquqlarımızı açıq şəkildə tapdalamaqdadır. Belə ki, MTK tərəfindən əraziyə texnikalar yeridilib və mənzilimə ciddi zərər vurulub, divarlarda çatlar əmələ gəlib, bu çatlar hər keçən gün daha da genişlənir. MTK mənzili qəzalı vəziyyətə salaraq, ehtiyatsızlıq nəticəsində onun çökməsi görüntüsünü yaratmağa çalışır.
 

Bundan əlavə, MTK mənzilə gediş-yolunu qazaraq keçilməz edib. Yollara daşlar düzməklə sakinlərin mənzillərinə gediş-gəlişini çətinləşdirib. Mənzilimin yuxarısında olan su boruları deşilib və nəticədə ev su altındadır.


Evimə gələn işıq, qaz və su xətləri də MTK tərəfindən kəsilib. Bu məni və ailə üzvlərimi normal yaşayış səviyyəsindən məhrum etməkdədir. Həmçinin, MTK tərəfindən gecə saatlarında ağır texnika mənzilin yaxınlığında işlədilir. Bu fəaliyyət gecə saatlarında qorxu və narahatlıq yaradaraq sakinlərin psixoloji vəziyyətinə mənfi təsir göstərir. Gecə saatlarınadək texnikanın mənzilimizi vurub-dağıdacağından qorxaraq yatmadan növbə çəkirik”.
 
Tamerlan İsayev "City Life" MMC ilə bağlı məhkəməyə müraciət etdiyini bildirib: “Hazırda iş Yasamal Rayon Məhkəməsindədir. İş hakim Ayşən Məmmədovanın icraatındadır. Məhkəmə hələ ki ekspertiza ilə bağlı təxirə salınıb”.
 
Məsələni aydınlaşdırmaq üçün Pravda.az "City Life” MMC-nin direktoru Rafael Mirzəyevlə əlaqə saxlayıb.

R.Mirzəyev isə deyib ki, sözügedən ərazidə həm prokurorluğun, həm məhkəmənin, həm də Fövqəladə Hallar Nazirliyinin istintaq araşdırması gedib: “Məhkəmə davam edir, nəticəsindən asılı olaraq qərar qəbul olunacaq”.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin