Şəhid Vasif Süleymanovun xatirəsi böyük ehtiramla yad edildi - FOTO

Hazırda oxunan: Şəhid Vasif Süleymanovun xatirəsi böyük ehtiramla yad edildi - FOTO

598237

Vətən uğrunda canından keçən igid oğlumuz, şəhid Vasif Süleymanov anadan olduğu gün böyük ehtiramla qeyd olunub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhidin ziyarətinə ailə üzvləri ilə yanaşı şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri də qatılıb.
 

Məzarı başına toplaşanlar Vasifin keçdiyi şərəfli həyat yolundan, Vətənə olan sonsuz sevgi və qəhrəmanlığından söhbət açıblar.


Qeyd olunub ki, Vasif Süleymanov 2002 ci il fevral ayının bu günü Qəbələ rayonu Bum qəsəbəsində anadan olub. Orta təhsilini Bum qəsəbə orta məktəbində alan Vasif daha sonra rayon Peşə Təhsil Mərkəzində aşbazlıq ixtisasına yiyələnib.

Daha sonra Ordu sıralarına qatılaraq xidmətə başlayıb. Bu müddətdə ona ixtisası üzrə iş təklif olunmasına baxmayaraq Vasif razılaşmayaraq xidmət keçməyi, hərbi təlimlərdə iştirak etməyi üstün tutur.

2020 ci il 27 sentyabrda başlayan Vətən Müharibəsinə də könüllü qatılan Vasif dəfələrlə döyüşlərə qatılıb, ərazilərin azad olunmasında iştirak edib. Oktyabr ayının 6-da Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Vasif Bum qəsəbəsində dəfn olunub.
 

O da diqqətə çatdırılıb ki, Vasifin əmisi sovet ordusunda xidmət edərkən vəfat edib. Əmisinin adını yaşatmaq üçün ona bu adı veriblərmiş.


Tədbirə qatılanlar “Şəhidlər bizim baş tacımızdır. Onların əmanəti olan bu Vətənə sahib çıxmaq hər birimizin borcudur. Vasif kimi igidlərin sayəsində bu gün azad, başı uca yaşayırıq” deyə şəhidlər üçün dua ediblər.




Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin