Cəmiyyətdə hər il Ramazan ayı zamanı bu mövzu yenidən müzakirə obyektinə çevrilir: uşaqlar və yeniyetmələr oruc tutmalıdırmı?
Bir tərəf bunu həm mənəvi tərbiyənin, həm də sağlam həyat tərzinin bir hissəsi kimi təqdim edir, digər tərəf isə böyümə dövründə olan orqanizm üçün risklərdən danışır.
Bəs elm və dini mənbələr bu məsələyə necə yanaşır? Valideynlərin üzərinə hansı məsuliyyət düşür?
İlahiyyatçı Fazil Əhməd Bizim.Media-ya açıqlamasında bildirib ki, İslamda oruc fərz hökmü həddi-büluğ yaşına çatmış şəxslərə aiddir.

Məcburiyyət dini baxımdan istər azyaşlılara, istərsə də yetkinlərə qarşı doğru sayılmır. Sağlamlığa zərər olarsa, davam etdirmək olmaz.
“Əsirlərdir yeniyetmələr oruc tuturlar və bunun xeyirini illərlə dünya alimləri də təsdiqləyir. Oruc tutmaq çox gözəldir, insanın orqanizmində bir illik toplanan toksinlər, zərərli bakteriyalar onun vasitəsilə kənarlaşdırılır. Belə olduqda deməli, zərərdən söhbət gedə bilməz. İkincisi, bizə bu orqanizmi bəxş edən Allahdır və bizim xeyirimizi də bizdən çox gözəl bilir. Bizim istəyimiz, sifarişimiz olmadan hər şeyin ən gözəlini bizə bəxş edir”.
İlahiyyatçı deyir ki, azyaşlıların, xüsusilə 7-10 yaşlarında olan uşaqların oruç tutmasına valideyn nəzarət etməlidir.
“Əlbəttə ki, bu həvəsləndiricidir. Uşaq ya ailədə, ya da çevrədə hamının oruc tutduğunu görür, həvəslənir. Tərbiyəvi baxımdan çox dəyərlidir. Amma bu yaşda uşaqların dözüm və səbri, orqanizmi tam formalaşmadığına görə, onlara günortaya qədər oruc tutmağı tövsiyə edirlər.
Daha yuxarı, məsələn 13-15 yaş arası yeniyetmələrdə, baxır onların durumlarına, nə qədər dözə bilirlər. Özlərini narahat hiss edərlərsə, əlbəttə ki, davam edə bilməzlər. Bu dinin də hökmüdür. Həm də fərdi məsələdir, yəni hər bir ailədə yeniyetmə oruc tutursa, ona nəzarət olunmalıdır. Kəskin baş ağrıları, baş gicəllənməsi, hər hansı bir ağrı hiss edərsə, təbii ki tutmamalıdır”.
Bəzi pediatr və endokrinoloqlar isə bildirirlər ki, böyümə mərhələsində olan uşaqlar hormonal dəyişiklik dövründədirlər. Onlar bu dövrdə enerji və qida maddələrinə daha çox ehtiyac duyurlar. Uzunmüddətli susuz və qidasız qalma və kalori çatışmazlığı, qan şəkərinin düşməsi, diqqət azalması, bəzi hallarda isə inkişaf tempinin zəifləməsi kimi nəticələr verə bilər.
Şəfiqə Şəfa, Bizim.Media





























































































