Mehdiyevin "Türkmənçay" mesajına cavab

Hazırda oxunan: Mehdiyevin "Türkmənçay" mesajına cavab

59809

Son zamanlar AMEA-dakı fəaliyyəti ilə mətbuatın gündəmindən düşməyən Ramiz Mehdiyev dünən haqqında səsləndirilən fikirlərə rəsmi şəkildə cavab verib. Vəzifəsini dəyişdikdən sonra təsir imkanları tükənən Akademikin AMEA-nın rəsmi saytını özünün şəxsi platforması kimi istifadə etməsi hər kəsə çoxdan bəlli idi. Elə bu dəfə də Ramiz Mehdiyevin “mesajı” AMEA-nın Mətbuat Xidmətinin açıqlaması şəklində Akademiyanın rəsmi saytında tirajlanıb.

Uzun illər Azərbaycan elminin sütunu hesab edilən AMEA-nın bu gün dedi-qodu səviyyəsinə düşməsi nə qədər təəccüblü görünsə də, reallıqdır. Təəssüflər olsun ki, hər kəsin elmi yenilik və innovativ kəşf xəbərləri gözlədiyi AMEA-nın rəsmi saytı Ramiz Mehdiyevin şəxsi bloqu kimi fəaliyyət göstərməklə məşğuldur. 

Özünə qarşı kampaniya aparıldığını iddia edən Ramiz Mehdiyev onu hədəf alanlara qarşı cavab xarakteri daşıyan iri həcmli yazı yazdırıb.

Yazıda gözü bağlı şəkildə hər yana hücum çəkən Ramiz Mehdiyev AMEA-da baş verənlərin həqiqi mahiyyətini gözlər önünə sərib. 

Elə ilk abzasda yer verilən “cib müxalifəti” və “avtobus müxalifəti” kimi ifadələr radikal müxalifət təmsilçilərinin tez-tez işlətdiyi ifadələrdir.

Ölkədə siyasi diskusiya və dialoqda iştirak edən partiyalara bu tərzdə xitab etmək bu ifadələrin yaradıcısının məhz Ramiz Mehdiyev olduğuna heç bir şübhə yeri qoymur. Elə bu gün Azadlıq qəzetində Əli Kərimlinin Ramiz Mehdiyevi müdafiə niyyəti ilə Etibar Əliyevi hədəf seçməsi də bu isti münasibətlərin bariz sübutudur.

Digər tərəfdən Ramiz Mehdiyev Fəzail Ağamalının Etibar Əliyevin xalqın iradəsi ilə seçilmədiyini iddia edir. Maraqlıdır, görəsən bu vaxtadək Milli Məclisə seçkilər Ramiz Mehdiyevin kurasiyasında deyildimi? İddia etdiyi “mövcud seçki” sistemini yaradan, bu sistemi idarə edən və hər seçkidən sonra kitab çıxararaq seçkilərin necə şəffaf keçdiyini qeyd edən, seçkilərə hüquqi qiymət verən şəxs də elə Ramiz Mehdiyevin özü idi. İndi biz hansı Ramiz Mehdiyevə inanaq?

Siyasi elitaya qarşı şantaj

Yazıda diqqət çəkən digər bir məqam “rus sektoru” ilə bağlı səsləndirilən fikirlərdir. Açıqlamada belə deyilir: “Belə çıxır ki, ölkə rəhbərliyində təmsil olunan və övladları rus bölməsində təhsil almış, yaxud alan şəxslərin hamısı vətən xainləridir. Bu məntiqlə ölkənin siyasi elitasının əksəriyyəti, onların övladları potensial vətən xainləri kimi damğalanmalı və həbs edilməlidir”.

Üzdə “rus sektorunun” mövcudluğunu müdafiə edən Ramiz Mehdiyev, Azərbaycan siyasi elitasında yer alan vəzifəli şəxslərin övladlarını hədəfə çevirir. Dolayı yolla onları təhdid edərək, siyasi elitanı şantaj etməklə Ramiz Mehdiyevin nəyə nail olmağa çalışması isə maraqlıdır. 

Azərbaycanla bağlı “taleyüklü” məsələlərin arxasınca qaçan AMEA Prezidenti  mövcud problemləri həll etmək əvəzinə müxtəlif şəxslərə cavab verməyi üstün tutur. AMEA daxilində yaşananların, rəhbər-işçi münasibətlərinin ölkə səviyyəsində müzakirə olunması Azərbaycan elminə vurulmuş qara ləkədir. Görəsən, Akademiya prezidenti olaraq ondan və fəaliyyətindən narazı olan şəxsləri dinləməsi, mövcud olan problemləri aradan qaldırmağa çalışması çoxmu çətin idi? İllərin siyasi parktikasına malik şəxs üçün AMEA kimi bir qurumdakı problemləri həll etmək çətin idimi? 
 

Baş verənlər AMEA tarixindəki misli görünməmiş rəzalətin baş alıb getdiyinin ən böyük sübutudur. Akademiyanın yarandığı gündən bu günədək heç vaxt rəhbərliklə onun tabeliyindəki şəxslər arasında bu miqyasda söz-söhbət və narazılıq müşahidə olunmayıb. 


Ramiz Mehdiyevə qədər bu vəzifəni icra edən heç bir şəxs cəmiyyətdə bu vəziyyətlə yadda qalmayıb. AMEA artıq elm mərkəzindən dedi-qodu mərkəzinə çevrilib. Bunun reallaşmasının ən böyük səbəbkarının isə kim olduğu göz önündədir.

Mehdiyev ABŞ-dan nə gözləyir? 

Bu həngaməninin içərisində və Rusiya ilə ABŞ arasında gərginliyin artması fonunda Ramiz Mehdiyev “Amerikanın səsi” kanalına yazılı müsahibə verməyə də vaxt tapıb.

Məlum açıqlamadan sonra müsahibə üçün məhz bu kanalı seçməklə Ramiz Mehdiyevin vermək istədiyi mesaj daha aydın görünür.  
 

MÖVZU İLƏ BAĞLI:

Daha bir alim Ramiz Mehdiyevi istefaya çağırdı - "O getməsə..."


Tənqidçilərini dövlət vəsaitini səmərəsiz şəkildə sərf etməkdə ittiham edən, Akademiyanın gəlirsizliyindən danışan Mehdiyev, niyəsə öz əmək haqqının artırılması barədə bir kəlimə belə danışmır. AMEA-dakı bəzi şəxslərin öz hədlərini aşaraq dövlət başçısının səlahiyyətlərinə müdaxilə etmək cəhdlərini qəbuledilməz saydığını qeyd edən Akademik deyəsən özünün də AMEA-da olduğunu yaddan çıxarıb. 

Bir daha aydın olur ki, bu cür məişət problemlərini məqsədli şəkildə qabartmaqla, mətbuatda söz müharibəsinə çıxmaqla Akademikin hədəfləri başqadır.

Artıq vəziyyət o həddə çatıb ki, AMEA kimi bir qurum bir şəxsin siyasi mövcudiyyətini qoruyub saxlamaq üçün vasitəyə çevrilib.

Elmi fəaliyyətlər üçün nəzərdə tutulan struktur AMEA Prezidentinin və onunla problemi olan bir neçə institut rəhbərinin mübarizə meydanına çevrilib.

Ramiz Mehdiyevin son baharı?

Əgər həqiqətən, bu iddialar AMEA rəhbərinə və AMEA-ya qarşı aparılan kampaniyadırsa, o zaman Akademiya rəhbəri gərək vaxtında bu problemlərin qarşısını alaydı. Lakin görünən odur ki, mətbuatda qeyd olunan iddialar və problemlər olduqca realdır. Necə deyərlər, od olmayan yerdən tüstü çıxmaz məsəli.

Bəzi şəxsləri şüşədən otaqda oturub başqalarına daş atmaqda ittiham edən Ramiz Mehdiyevin deyəsən AMEA-nın “qala divarları” çaşdırıb.

Bu məqamda yadımıza Ağa Məhəmməd Şah Qacarın dəyərli şairimiz Molla Pənah Vaqifə ünvanladığı məktubundakı “şüşədən qalada oturmaq” bənzətməsi düşür. Görəsən, Azərbaycan xalqına fəlakət gətirən xaricdəki və daxildəki düşmənlərin “şüşə” sevdası təsadüfidirmi?
 

İki əsr əvvəl Azərbaycana qarşı Qacarın təhdidini bu gün Ramiz Mehdiyevin dilindən eşidirik. Heç olmasa akademik gərək həqiqi mahiyyətini bu qədər açıq şəkildə büruzə verməzdi. Ramiz Mehdiyevin Türkmənçay müqaviləsinin imzalandığı gün bu cür açıqlama yayması da bu baxımdan heç də təsadüfi görünmür.


84 yaşlı akademikin Azərbaycan qoyacağı “miras” da elə Qacarın özü kimi yarımçıqdır.

“Şüşədən qala”-ya hücum edən Qacarın taleyi hər kəsə bəllidir, indi isə iki əsr sonra eyni məntiqin daşıyıcısı olan Ramiz Mehdiyevin gələcək taleyi maraqlıdır.

Son günlər yaşananlardan sonra AMEA-nın onsuzda aşağı olan nüfuzu cəmiyyətin gözündə daha da məhv olub. Bu andan sonra heç bir elmi kəşf, heç bir innovasiya belə Akademiyanın sarsılan imicini dəyişdirə bilməz. Geriyə tək yol qalır, o da AMEA-nın bir qurum kimi ləğv olunması və tabeliyindəki institutların təhsil müəssisələrinə birləşdirilməsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin