Sərnişin və yük daşımalarında icazənin alınması üçün bu sənədlər də TƏLƏB OLUNACAQ – SİYAHI

Hazırda oxunan: Sərnişin və yük daşımalarında icazənin alınması üçün bu sənədlər də TƏLƏB OLUNACAQ – SİYAHI

598037

Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində icazənin alınması üçün tələb olunan sənədlərin (məlumatların) siyahısı genişləndirilib.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan "Avtomobil nəqliyyatı haqqında" Qanuna edilən dəyişiklik layihəsində əks olunub.

Layihəyə görə, sürücülərdən tələb ediləcək sənədlərin siyahısına aşağıdakılar əlavə edilib:

sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumatı;

avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, reysqabağı tibbi
müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və tibb məntəqəsi ilə müqavilələri;

ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirən sürücülərin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədləri;

qeyri-müntəzəm sərnişin daşımalarına münasibətdə həmçinin:

avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin fərdi qəza sığortası;

avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, həmçinin avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində pese əmək qabiliyyətinin itirilmes hallarından icbari sığortalanmas təsdiq edən müvafiq icbari sığortası bu Qanunun 27.2-ci maddəsində nəzərdə tutulan halların təsdiqedici sənədləri.

Eyni zamanda, qanun layihəsi ilə ölkədaxili sifarişli daşımaların növü olan qeyri-müntəzəm sərnişin daşımalarına münasibətdə, eləcə də müntəzəm beynəlxalq və şəhərlərarası (rayonlarası) sərnişin daşımalarına münasibətdə icazənin alınması üçün aşağıdakı icbari sığortaların olmasını təsdiq edən sənədlərin mövcudluğu da tələb olunacaqdır:

avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin fərdi qəza sığortası;

avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası;

avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta.

Qeyd edilib ki, bu tələblər bu Qanunda avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcının vəzifəsi kimi müəyyən olunmuş, həmçinin həmin sığortaların icbariliyi “İcbari sığortalar haqqında” və İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlarda təsbit edilmişdir və qeyd olunan sığortalar həmin fəaliyyətlərin həyata keçirilməsi zamanı hazırda da mövcud olmalıdır. Bu tələblərin əvvəlcədən, yəni icazə verilərkən mövcudluğunun təmin edilməsi isə bu normaların daha işlək olmasına, son nəticədə həmin tələblərə gündəlik fəaliyyətdə əməletmə səviyyəsinin yüksəlməsinə xidmət edəcəkdir.

Təklif olunan digər dəyişiklik qeyri-müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki göstəricilərinin, daxili və xarici tərtibatının müvafiq tələblərə uyğunluğu ilə (müntəzəm və taksi ilə sərnişin daşımalarında olduğu kimi) bağlıdır.

Dəyişikliklər çərçivəsində həmçinin daşıyıcı anlayışı dəqiqləşdirilir.

Qanun layihəsi sərnişinlərin və yüklərin daşınmasında təhlükəsizlik səviyyəsinin yüksəlməsinə, keyfiyyətli xidmətin göstərilməsinə xidmət edir, müxtəlif sığorta hadisələri zamanı sığortaolunanların, xüsusilə zərərçəkən sərnişinlərin qorunmasına və onların həyatına və sağlamlığına zərər dəyməsinə görə sığorta təminatı yaradır.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin