Bakıda lombarda qızıl-zinət əşyaları qoyub pul götürən bir qrup sakin aldadıldığını bildirir. Onların içərisində Türkiyə vətəndaşları da var. Müştərilər aldıqları pulları və faizini tam şəkildə geri qaytarsalar da, girov qoyduqları qızıllarını ala bilməyiblər.
Bizim.Media xəbər verir ki, paytaxtın Səbail rayonu, Əhəd Yaqubov küçəsi 14 ünvanında fəaliyyət göstərən lombarda qızl zinət əşyalarını girov qoyub pul götürən bir qrup vətəndaş belə bir iddia ilə "Xəzər Xəbər"in qaynar xəttinə müraciət edib.
Zərəçəkmişlərin içərisində Türkiyə vətəndaşları da var. İlahə Tuğrul iddia edir ki, ötən ilin iyun ayında həmin lombardla müqavilə bağlayıb və 6 ay ərzində hər ay 500 manat olmaqla ödəniş edib.
Onun sözlərinə görə, bu ilin fevralında lombardın sahibi Eldəniz İsgəndərova tam ödəniş edib girovunu geri götürmək istədiyini bildirdikdə, ondan 5000 manat əlavə pul istənilib.
Zərərçəkmiş vətəndaşlar içərisində İlahə Tuğrulun həyat yoldaşı Bülent Tuğrul, eləcə də paytaxt sakini Esmirə İsmayılova da var. Zərərçəkmişlər iddia edirlər ki, qızıllarını geri ala bilməyənlərin sayı 117 nəfərdir.
Lombardın sahibi Eldəniz İsgəndərov isə deyib ki, qızıllar oğurlanıb və bununla bağlı Nəsimi polisində araşdırma aparılır. O, bu gün saat 2-də vətəndaşlarla görüşüb onlara dəyən ziyanın ödənilməsi ilə bağlı məlumat verəcəyini desə də, Eldəniz İsgəndərov onlarla görüşməyib.
DİN-in Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, vətəndaşların lombarda girov qoyduqları qızıl-zinət əşyalarının ələ keçirilməsi ilə bağlı müraciətləri əsasında ərazi polis idarəsində araşdırma aparılır.
Müraciətlərlə bağlı ərizə və izahatlar alınıb, digər sübutlar toplanıb. Əmələ hüquqi qiymət verilməsi istiqamətində prosessual araşdırmalar davam etdirilir.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media
































































































