Xəzər dənizinin sahilboyu ərazilərində batağan (Podicipedidae) quşlarının kütləvi ölümü qeydə alınıb.
Bizim.Media xəbər verir ki, Xaçmazın Niyazabad kəndi yaxınlığında dəniz kənarında minlərlə quş cəsədlərinə rast gəlinir. Cəsədlər kilometrlərlə məsafədə sahilboyu əraziyə səpələnib.
Balıqçılar bildirirlər ki, bu ərazidə batağan quşlarının kütləvi ölümü daha çox fevral ayının əvvələrində müşahidə olunub.
“Mən bu yerlərdə tez-tez oluram. İyirmi gündən çoxdur bu quşların cəsədləri sahilə səpələnib. Əvvəl quşların diri olanları da vardı. Dəstə ilə bir yerə toplaşıb hərəkətsiz dururdular. Yaxınlaşıb toxunanda belə uçmurdular. Götürüb suya atsaq da, yenidən ləpə vurub sahilə çıxarırdı. Sahildə boyunlarını büküb, soyuqdan ölürdülər. Mən buradan 5-6 kilometr məsafədə maşınla gedib-gəlirəm. Hər yer bu quşların cəsədləri ilə doludur. İndi cəsədlər nisbətən azalıb. Yırtıcı heyvanlar cəsədləri daşıyıb aparır”, - rayon sakini Anar Mikayılov deyib.
Son günlər batağan quşlarının cəsədlərinə Xəzərin paytaxt və digər sahilboyu ərazilərində də rast gəlinib. Quşların kütləvi ölüm səbəbi daha çox təbii amillərlə, xəstəliklə və ya qida çatışmazlığı ilə əlaqələndirilsə də, daha dəqiq məlumat yalnız mütəxəssislər tərəfindən aparılan araşdırmalardan sonra müəyyənləşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin yerli qurumlarından bildirilib ki, aşkarlanan quş cəsədləri ilə bağlı araşdırma aparılır. Xaçmaz rayonunun Niyazabad və Nabran kəndləri yaxınlığında sahilboyu ərazilərdə aşkarlanan quş cəsədlərinə yerində baxış keçirilərək nümunələr götürülüb. Analizlərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək. Bundan əlavə, cəsədlərin ərazidən təmizlənməsi istiqamətində də tədbirlərin görülməsi nəzərdə tutulub.
Qeyd edək ki, batağanlara Antraktidadan başqa, dünyanın bütün bölgələrində rast gəlmək mümkündür.
Bu quşların qeydə alınmış 22 növü var ki, onlardan da üçünün nəsli kəsilmiş sayılır. Əsasən şirin su hövzələrində yaşayan batağanlara dənizdə qış aylarında miqrasiya vaxtı rast gəlinir. Bu quşlar ölkəmizə qışlamaq üçün köç edirlər.
Xatırladaq ki, bir neçə gün əvvəl Bakının Şıx çimərliyi sahillərində də eynicinsli ölü quşlar tapılmışdı. (Azərtac)




Bizim.Media






























































































