Xəbər verdiyimiz kimi, bu gün Yevlax rayonu ərazisində, Yevlax-Bərdə avtomobil yolunun kənarında açıq ərazidə yanğın baş verib. Bundan əlavə, Beyləqanda Tatarlar kənd ərazisində yerləşən meşə massivində yanğın baş verib.
Baş verən yanğını neçə gündür davam edən və qış üçün xarakterik olmayan isti havalarla əlaqələndirənlər var.
Maraqlıdır ki, bu cür hava şəraiti davam edərsə, digər bölgələrdə də meşə yanğınları gözlənilirmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında ekoloq Ənvər Əliyev bildirib ki, isti havalar davam edərsə, elə məhz Aran bölgələrində yanğınlar qaçılmazdır:
“Son zamanlar Azərbaycan ərazisinə Cənubdan daxil olan isti hava kütlələri ciddi problem yaradır. Bilirsiniz ki, meşələrimiz daha çox dağətəyi bölgələrimizdədir. Bu hissələrdə də hələlik havalar soyuq keçir. Lakin isti havalar davam edərsə, elə məhz Aran bölgələrində yanğınlar ola bilər.
Amma yüksək dağlıq hissələrdə çoxlu qar ehtiyatımız var. Bu o deməkdir ki, yanğınlar həmin ərazilər üçün gözlənilən deyil. Bundan əlavə, havaların bu formada isti davam edəcəyini düşünmürəm. Çünki bu, qışa xas hava deyil və yəqin ki, yenidən isti havalar soyuq havaya yer verəcək”.
Naibə Məmmədova, Bizim.Media































































































