“1992-ci ildə müharibənin qızğın çağlarında Nofəl döyüşlərə könüllü olaraq qatılmışdı. Onu 12 yaşından mən böyütmüşəm, ana əvəzi olmuşam ona. Gəncədə, bizim evdə yaşayıb. Nofəli öz oğlum kimi çox istəyirdim. 5-ci sinifə Gəncədə 37 saylı məktəbdə getdi, musiqi məktəbini bitirdi, texnikumda oxudu.
Könüllü ordu sıralarına qatılmağa qərar verəndə mənim yanıma gəldi. Dedi, xala, mən gedirəm döyüşməyə. Mən onu fikrindən yayındırmağa çox çalışdım, alınmadı. Dedim, iki körpə balan var. Onda qızlarının birinin 3 yaşı var idi, biri də 8 aylıq idi. Yalvardım ki, bu fidanları kimə qoyub gedirsən? Sözümü eşitmədi. Dedi, mən getməyim, o getməsin, bəs vətəni kim qorusun? Beləcə getdi müharibəyə”.
Bu sözləri Bizim.Media-nın yerli bürosuna açıqlamasında itkin şəhid Nofəl Əsgərovun xalası Sona Qafarova deyib.
Onun sözlərinə görə, döyüşlərdə böyük qəhrəmanlıq göstərən Nofəlin şəhid olduğu və ya itkin düşdüyü barədə dəqiq məlumatları olmayıb:
“Nofəl çox qorxmaz və döyüşkən bir oğul idi. Tankçı idi. Onunla birlikdə döyüşlərdə olan əsgər yoldaşları deyirdilər ki, 15 iyun 1992-ci ildə Sırxavənd döyüşlərində 200 nəfərə yaxın əsgəri mühasirədən azad etdikdən sonra o, erməni snayperi tərəfindən ayağından vurulub. Kimi də deyirdi ki, orada olan çay tərəfə qaça bilmişdi. Amma sonradan nə şəhid olmasından, nə əsir düşməsindən xəbər olmayıb. 200 əsgəri xilas etdi, özü şəhid oldu. 34 ildir gözümüz yolda, qulağımız səsdə olub".
“Biz Ali Baş Komandanımız İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, aidiyyatı qurumların əməkdaşlarına Nofəlin nəşinin tapılaraq doğma torpaqda dəfn olunmasına göstərdikləri köməkliyə görə ailəmiz adından minnətdarıq. Artıq şəhidimin ruhu da rahatdır. Torpaqlarımız ermənilərdən azad olundu. Azərbaycan tam suverendir. Allah bütün şəhidlərimizə rəhmət eləsin” - deyə Sona Qafarova əlavə edib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
17:52 / 20.02.2026
"200 əsgəri xilas etdi, özü şəhid oldu" - Qohumu Nofəl Əsgərovun döyüş yolundan DANIŞDI – VİDEO
Hazırda oxunan: "200 əsgəri xilas etdi, özü şəhid oldu" - Qohumu Nofəl Əsgərovun döyüş yolundan DANIŞDI – VİDEO
Hazırda oxunan: "200 əsgəri xilas etdi, özü şəhid oldu" - Qohumu Nofəl Əsgərovun döyüş yolundan DANIŞDI – VİDEO
597419
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































