Son günlər müşahidə olunan anomal istilərin yaratdığı fəsadlar artıq ciddi narahatlıq yaradır. Təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə də müşahidə olunan bu cür qışa uyğun olmayan havalar ard-arda meşə yanğınları ilə nəticələndi.
Bundan başqa, əkin sahələrinə, məişətə, bağçılıq təsərrüfatına zərər verən ziyanvericilərin artmasına səbəb olur. Havanın hərarətinin kəskin yüksəlməsi həşəratları da çaş-baş qoyub: qışı yaz bilib təsərrüfat sahələrini bürüyüblər. Xüsusən də bölgələrdə çəyirtkələrin artdığını bildirirlər.
Ekoloq Sərvər Nəbiyev mövzuyla bağlı Bizim.Media-ya bildirdi ki, anomal isti nəticəsində çəyi̇rtkə və digər həşəratların artması halı həm qısa müddətli təsirlərdən, həm də uzunmüddətli iqlim dəyişikliklərindən qaynaqlana bilər.
“Anomal istilər böcəklərin sürətlə inkişaf etməsinə yardım edir. Çünki istilik onların metabolizmini sürətləndirir və belə münbit şəraitdə daha çox nəsil verə bilirlər. Qısamüddətli istilik dalğaları, rütubət dəyişiklikləri kimi şərtlər də böcəklərin çoxalmasını təşviq edə bilər”
Mütəxəssis bildirdi ki, ümumiyyətlə qlobal iqlim dəyişikliyi nəticəsində anomal istilər, qeyri-sabit yağışlar və quraqlıqlar daha çox olur.
Bu şərtlər bəzi böcək növlərinin artmasına səbəb ola bilər. İstilər belə davam edərsə təxirəsalınmaz tədbirlər görülməlidir. Buna görə zərərvericilərin erkən aşkarlanması üçün monitorinq aparılmalıdır ki, potensial böhranlar baş verməsin.
Şəfiqə Şəfa, Bizim.Media


























































































