Qaradağ rayon icra başçısının sabiq müavini Nadir Muradov, rayon təsərrüfat şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev və Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurovun barələrindəki həbs qətimkan tədbirinin mayın 30-na qədər uzadılması üçün məhkəməyə təqdimat daxil olub.
Bizim.Media report-a istinadən xəbər verir ki, təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq.
Qeyd edək ki, onlar 2025-ci ilin noyabr ayında həbs olunublar.
Baş Prokurorluğun məlumatına görə, istintaq və əməliyyat-axtarış tədbirləri ilə Nadir Muradovun qeyd edilən vəzifədə işləməklə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən Qafar Abdullayev, həmin rayon icra hakimiyyətinin əməkdaşları Rəşad Nadirli, İsa Şəmsəliyev və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurovla cinayət əlaqəsinə girməklə Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən torpaq sahələri ilə bağlı ilkin rəsmiləşdirmə işlərinin aparılması və sonradan torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının təmin edilməsi üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.
Nadir Muradov, Qafar Abdullayev, Rəşad Nadirli, İsa Şəmsəliyev və Zülfüqar Mansurova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxslər Nadir Muradov, Qafar Abdullayev və Zülfüqar Mansurovun barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, İsa Şəmsəliyev və Rəşad Nadirli barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.
Bizim.Media



























































































