Üzünü görmədiyi, adını daşıdığı şəhid atasını DƏFN etdi - FOTO

Hazırda oxunan: Üzünü görmədiyi, adını daşıdığı şəhid atasını DƏFN etdi - FOTO

597229

Xəbər verildiyi kimi bu günlərdə daha bir neçə itkin şəhidimizin nəşi tapılıb. Onlardan biri də Birinci Qarabağ Müharibəsində itkin düşən Balakən rayon Hənifə kənd sakini Cavanşir Həsənovdur. Yenicə ailə quran Cavanşir Birinci Qarabağ müharibəsi ilə əlaqədar hərbiyə çağrılır. O gedəndə xanımı hamilə idi.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ailəsi 34 il onun yolunu gözləyib.

Bu gün nəşi dəfn olunmaq üçün doğulduğu kəndinə gətirilib. Üzünü görmədiyi, səsini duymadığı oğlu Cavanşir atasının nəşini qarşılayıb. Ata yurdunda şəhid üçün vida mərasimi keçirilib, cənazə namazı qılınıb.

Daha sonra şəhidin nəşi Balakən Şəhidlər xiyabanına aparılıb. Şəhidlə keçirilən vida mərasimində rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Şəhid dəfn edildikdən sonra məzarı üzərinə gül dəstələri qoyularaq ruhuna dualar oxunub.

Cavanşir Həsənovun nəşinin büküldüyü Azərbaycan Respublikasının üç rəngli bayrağı şəhidin oğlu Cavanşir Həsənova təhvil verilib.

Dövlət himni səsləndirilib. Şəhidin şərəfinə yaylım atəşləri atılıb.

Şəhid ailəsindən verilən məlumata görə Cavanşir Həsənov 21 mart 1967-ci ildə Balakən rayonunun Hənifə kəndində anadan olub. Ailədə 7 uşaq olublar-dörd qardaş, üç bacı. O, Qazma kənd 1 nömrəli tam orta məktəbdə təhsil alıb, daha sonra Balakən Texniki Peşə Məktəbində traktorçuluq ixtisası üzrə təhsilini davam etdirib. 1986-cı ildə Balakən rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Sovet Ordusunda xidmət keçib.
 

1992-ci ildə Birinci Qarabağ müharibəsinin gedişi ilə əlaqədar Cavanşir Həsənov Balakən rayon Hərbi Komissarlığı tərəfindən yenidən hərbi xidmətə çağırılıb. Cəbhəyə yollandığı ilk günlərdən etibarən Ağdam rayonu Surxavənd kəndi istiqamətində gedən döyüşlərdə iştirak edib, düşmənə qarşı igidliklə vuruşub. Təəssüf ki, Cavanşir Həsənov 12 iyun 1992-ci il tarixindən itkin düşüb.


Cavanşir Həsənov döyüşlərə qatılanda ailəli idi. İtkin düşməsindən sonra 10 sentyabr 1992-ci ildə oğlu dünyaya gəlir. Ailəsi atasının xatirəsini yaşatmaq üçün körpəyə Cavanşir adı veriblər.







Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin