Avropa Yenidənqurma və İnkişaf Bankı Dunay çayı üzərində yerləşən Giurgiulesti Beynəlxalq Azad Limanının Rumıniyanın dövlət operatoru — Konstansa Limanı Administrasiyası tərəfindən alınması üzrə sövdələşməni yekunlaşdırmağa hazırlaşdığını elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə AYİB-in yaydığı məlumatda qeyd olunub. Satış müqaviləsi ən yaxın vaxtlarda imzalanacaq.
Liman Əliyevlər qardaşlarından Almaniya vətəndaşının adına necə keçdi?
Qeyd edək ki, Giurgiulesti limanı əvvəllər Azərbaycanın sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və “Azpetrol” şirkətinin keçmiş rəhbəri Rafiq Əliyevə məxsus olub. Qardaşların 2000-ci illərin ortalarında həbsindən sonra liman Rafiq Əliyevin etibarlı şəxsi, Almaniya vətəndaşı Tomas Mozerin adına keçirilib. Lakin 2011-ci ildə Mozer limanı cəmi 344 dollara öz adına rəsmiləşdirib, 2021-ci ildə isə onu Avropa Yenidənqurma və İnkişaf Bankına satıb. Azadlığa çıxdıqdan sonra Əliyev qardaşları aktivi məhkəmə yolu ilə geri qaytarmağa çalışsalar da, buna nail ola bilməyiblər.
“Danube Logistics” liman operatorunun səhmlərinin Konstansa Limanına satışı barədə razılaşma 31 dekabr 2025-ci ildə imzalanıb. 12 fevral tarixində Rumıniya şirkəti səhmlər paketini almağa hazır olduğunu rəsmi şəkildə təsdiqləyib.
Almaniya vətəndaşı Mozerin Əliyev qardaşlarını aldatdığı, Moldova dövlətinin isə bu prosesin leqallaşdırılmasına yardım etdiyi iddiaları fonunda Konstansa Limanı Giurgiulestiyə iri və uzunmüddətli investisiyalar yatırmağı planlaşdırır. Strateji məqsəd limanın buraxılış qabiliyyətini genişləndirmək, infrastrukturunu yaxşılaşdırmaq və Qara dəniz regionu ilə Dunay hövzəsində mövqelərini gücləndirməkdir.
Bitməyən məhkəmələr
Əslində, Avropa Yenidənqurma və İnkişaf Bankının Giurgiulesti limanının satışı üzrə elan etdiyi tender 2025-ci ilin iyul ayında başa çatıb. Rumıniya şirkəti ilə yanaşı, Türkiyənin Yildirim Holding şirkəti də “Danube Logistics”in alınmasına əsas namizədlərdən biri hesab olunurdu.
Məlumata görə, bank məhz “Yildirim Holding”i etibarlı strateji investor kimi Moldova hakimiyyətinə tövsiyə edib. Lakin rəsmi Kişinyov daha az sərfəli investisiya şərtlərinə baxmayaraq seçimini Rumıniya tərəfinin xeyrinə edib.
Siyasi qərar dərhal maneə ilə üzləşib. Konstansa Limanının səhmdarlarından biri sövdələşmə ilə razılaşmayaraq onun ləğvini tələb edib və məhkəməyə müraciət edib. Nəticədə proses uzun müddət məhkəmə instansiyalarında qalıb.
Ötən ilin sonunda mübahisə tam şəkildə həll olunub və Rumıniya şirkəti sövdələşmənin bağlandığını təsdiqləyib. Beləliklə, Əliyev qardaşlarının 2004-cü ildə Moldova dövlət əmlakının özəlləşdirilməsi çərçivəsində əldə etdikləri strateji aktivin Rumıniya dövlət şirkətinə keçməsi məsələsi qəti həllini tapıb.
Rafiq Əliyevin aktivlərini qorumaq cəhdləri
Giurgiulesti limanı 2004-cü ilin dekabrında Moldovada kommunist hakimiyyəti dövründə qismən özəlləşdirilib. Daha sonra Moldova hakimiyyəti “Azpetrol SRL” (sonradan “Bemol Retail”), “Azertrans SRL” (sonradan “Danube Logistics”) və “Azpetrol Refinery SRL” (sonradan “Flat Refinery”) ilə investisiya sazişləri bağlayıb. Hər üç şirkət Rafiq Əliyevə məxsus idi.
2005-ci ilin oktyabrında Rafiq Əliyev Azərbaycanda həbs edildikdən və əmlakı müsadirə olunduqdan sonra o, Moldovadakı aktivlərini qorumağa çalışıb. 2006-cı ildə aktivlər Niderlandda qeydiyyatdan keçmiş “Easeur Holding BV” şirkətinin idarəçiliyinə verilib və dörd icraçı direktor təyin olunub. Tomas Mozer də onlardan biri olub və 2006–2012-ci illərdə “Bemol Retail”ə rəhbərlik edib. 2011-ci ildə isə o, faktiki olaraq “Danube Logistics” üzərində nəzarəti ələ keçirib.
“Danube Logistics LLC” liman operatoru Niderlandda qeydiyyatdan keçmiş “Danube Logistics Holding BV”nin törəmə şirkətidir. Bu holdinqin təsisçisi digər Niderland şirkəti — “Danube Holding BV”dir. Onun arxasında isə 6 sentyabr 2011-ci ildə Kiprdə qeydiyyatdan keçmiş “Thomo Invest LTD” dayanır.
Şirkətin direktoru Tomas Mozerdir. 2018-ci ildə Kipr şirkətinin səhmləri Avstriyada qeydiyyatdan keçmiş “Febania GmbH”yə satılıb və həmin şirkətin benefisiarı da yenə Mozer olub. Beləliklə, Avropa Yenidənqurma və İnkişaf Bankı Giurgiulesti limanını məhz “Febania GmbH” ilə bağlanan sövdələşmə vasitəsilə əldə edib.
Jurnalist araşdırmalarında bankın səhmlər üçün cəmi 1000 dollar ödədiyi iddia edilib. Avropa Yenidənqurma və İnkişaf Bankı bu məlumatı təkzib etsə də, real məbləği açıqlamayıb. 2013-cü ildə azadlığa çıxdıqdan sonra Rafiq Əliyev “Bemol” şirkəti vasitəsilə biznesə nəzarəti bərpa etməyə çalışıb və bu zaman Mozerin sözügedən addımı barədə məlumat əldə edib. Azərbaycanlı iş adamı bu səbəbdən məhkəməyə müraciət edib.
2018-ci ilin aprelində Kişinyov məhkəməsi Tomas Mozer və “Danube Logistics”in idarəçisi Ala Aydovun 106 milyon dollar kompensasiya ödəməsi barədə qərar çıxarıb. Lakin apellyasiya mərhələlərindən sonra 2021-ci ilin fevralında Moldova Ali Məhkəməsi Rafiq Əliyevin iddiasını tam şəkildə rədd edib və bununla da liman üzərində mülkiyyət hüququ ilə bağlı çoxillik mübahisə Mozerin xeyrinə yekunlaşıb. (mənbə: haqqın.az)
Bizim.Media


































































































