Bu gün Qusar rayonunun Quxuroba kəndində rayon icra hakimiyyəti başçısının növbəti səyyar vətəndaş qəbulu keçirilib.
Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, qəbulda rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH Başçısı Aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Rəsmi qəbul Ümummilli Lider Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra sakinlər kənddə köhnəlmiş, istismara yararsız elektrik dirəklərinin yenilənməsi, tibb məntəqəsinin təmiri, veteranlar evinin və kənd stadionunda geyinib-soyunma otağının inşası ilə bağlı müraciətlərini səsləndiriblər.
Həmçinin, yolun çəkilməsi zamanı mühafizə zolağının müəyyən edilməsi səbəbindən pay torpaq sahəsinə texnikaların daxil ola bilməməsi məsələsi də sakinlərin müraciətləri sırasında yer alıb.
Qəbul zamanı icra başçısı tərəfindən əhalidən vergilərin yığılmasının və zəbt olunmuş torpaq sahələrinin rəsmiləşdirilməsinin vacibliyi xüsusi vurğulanıb, sakinlərin müraciətlərinin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.





Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.
































































































