Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq əməlində ittiham olunan Kamil Musayevin cinayət işi üzrə araşdırma yekunlaşıb.
Bizim.Media xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə baş tutan prosesdə yekun qərar elan edilib.
Məhkəmənin çıxardığı hökmə əsasən, o, 8 il müddətinə azadlıqdan məhrum olunub.
İttiham aktına görə, təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə başqasının əmlakını ələ keçirməklə xeyli və külli miqdarda ziyan vurmaqda, eləcə də təkrar dələduzluq törətməkdə günahlandırılır.
Kamil Musayev birinci epizodda 2024-cü ilin oktyabr ayının əvvəllərində zərərçəkmiş T.T.-ni (adı və soyadı şərtidir - red.) nəvəsinin xəstəliyi səbəbindən hərbi xidmətdən saxladılacağına dair yalan vədlə aldadıb. Bu məqsədlə ondan ümumilikdə 8 100 manat alaraq mənimsəyib.
İttihamda qeyd olunur ki, Kamil Musayev növbəti epizod üzrə 2024-cü ilin noyabr ayında tanışı, zərərçəkmiş A.A.-ya (adı və soyadı şərtidir) özünü və həyat yoldaşını işə düzəldəcəyi barədə yalan vəd verib. Ondan müxtəlif vaxtlarda və yerlərdə hissə-hissə olmaqla ümumilikdə 15 500 manat pul alaraq, zərərçəkmişə ziyan vurub.
Bundan əlavə, istintaq materiallarına görə, Kamil Musayev təkrarən özgənin əmlakını ələ keçirmək niyyəti ilə zərərçəkmiş QSC-lərdən birinin satış menecerini və satışa nəzarət edən əməkdaşını aldadıb. O, hospitallardan birinin (MMC) direktoru vəzifəsində çalışan qardaşı Famil Musayev vasitəsilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə müxtəlif məişət avadanlıqları və dəftərxana ləvazimatları satmaq imkanının olduğunu, alınan malların pulunu 2025-ci ilin aprel ayınadək ödəyəcəyini deyib. Bu yalan vədlər əsasında 2025-ci ilin yanvar-fevral ayları ərzində zərərçəkmiş QSC-nin anbarından ümumilikdə 109 196.551 manat dəyərində müxtəlif məhsullar - minlərlə bağlama A4 və A3 formatlı kağız, yüzlərlə rulon kassa kağızı, "Quicks" markalı televizor və 25 ədəd soyuducu - götürərək mənimsəyib.
Beləliklə, ittihama əsasən, təqsirləndirilən şəxs vahid niyyətlə və təkrar olaraq dələduzluq cinayətləri törədib.
Məhkəmə baxışı zamanı ifadə verən Kamil Musayev ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bildiyini qeyd edib. (Pravda.az)
Bizim.Media
































































































