Qadının evinə maskalı basqın edən şəxs: “Həmin pulla kredit və borcumu ödədim”

Hazırda oxunan: Qadının evinə maskalı basqın edən şəxs: “Həmin pulla kredit və borcumu ödədim”

596685

Gəncə Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Akif Cəbiyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim İlkin İbişovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü o, 8 il müddətinə azadlıqdan məhrum edilib.
 

İttihama görə, Akif Cəbiyev qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədilə 2025-ci ilin iyul ayının sonlarından etibarən Şəmkir rayonu, Kür qəsəbəsində onunla qonşuluqda yaşayan zərərçəkmiş T.Əmirovanın evini müşahidə etməyə başlayıb. Araşdırma zamanı müəyyən edilib ki, o, zərərçəkmişin evdə tək yaşadığını və hər gün saat 22:30–23:00 radələrində həyətyanı sahədə yerləşən ayaqyoluna getmək üçün evi tərk etdiyini müəyyənləşdirib və buna uyğun plan qurub.


25 sentyabr 2025-ci il tarixdə saat 21:30 radələrində Akif Cəbiyev maska və əlcək geyinərək öz yaşadığı evin hasarından keçib qadının həyətyanı sahəsinə daxil olub. O, evin pəncərəsindən zərərçəkmişin hərəkətlərini izləyib və saat 22:45–22:50 radələrində T.Əmirova ayaqyolundan geri qayıtdıqdan sonra onun ardınca yaşayış sahəsinə qanunsuz daxil olaraq basqın edib.

Belə ki, o, arxadan qadının ağzını əli ilə tutaraq evdə olan pulun yerini deməsini tələb edib.

Zərərçəkmiş müqavimət göstərdikdə isə təqsirləndirilən şəxs əmlakı ələ keçirmək məqsədilə sağlamlıq üçün təhlükəli zor tətbiq edib, əl zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, zərərçəkmişə sağ gözaltı nahiyədə qançır, sağ almacıq nahiyəsində və burun yəhərində sıyrıqlar yetirilib. Həmin xəsarətlər sağlamlığa zərər vurmadığından onların ağırlıq dərəcəsi təyin edilməyib.

Sonra Akif yataq otağında olan 3 000 manat məbləğində pulu ələ keçirərək hadisə yerindən qaçıb və beləliklə, hücuma məruz qalan qadının sağlamlığı üçün təhlükəli zor tətbiq etməklə bağlı basqın etməklə quldurluq cinayətini törədib.

Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismən fərqli ifadə verərək bildirib ki, axşam saat 22:00–23:00 radələrində həyətə girib qapının qarşısında gizlənib. Akifin sözlərinə görə, T.Əmirova qapını bağlayan zaman onu itələyərək çiynindən tutub, səsini dəyişərək pul tələb edib və öldürməklə hədələyib. Zərərçəkmişin onu arxa otağa apardığını, “çemodan”dan pul çıxararaq stolun üzərinə qoyduğunu, həmin vəsaiti saymadan cibinə qoyduğunu deyib. Daha sonra darvazanın açarının yerini öyrənərək ərazini tərk etdiyini bildirib.

Təqsirləndirilən şəxs ifadəsində götürdüyü məbləğin 1 102 manat və 8 000 Rusiya rublu olduğunu, həmin pulla kredit və qohumuna olan borcunu ödədiyini qeyd edib. O, zərərçəkmişə ciddi xəsarət yetirmədiyini, yalnız çiynindən tutduğunu iddia edib, zərərçəkmişlə barışdığını və dəymiş zərərin ödənildiyini bildirib.

Zərərçəkmiş T.Əmirova isə məhkəmədə verdiyi ifadəsində hadisə zamanı baş nahiyəsinə zərbə aldığını, qışqırmaması üçün ağzına yaylıq salındığını, döyülərək pullarının tələb edildiyini deyib. Onun sözlərinə görə, evdən götürülən vəsait təxminən 4 000 manat olub və həmin məbləği aldığı təqaüdlər hesabına yığıb. Zərərçəkmiş bildirib ki, hücum edən şəxsin üzünü görməyib, lakin təqsirləndirilən şəxs dəymiş ziyanın yarısını ödəyib və onunla barışıq əldə olunub. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin