Tarix elmləri doktoru, professor, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri Nəcəf Müseyibli akademik Ramiz Mehdiyevin adından yayılan bəyanata cavab verib.
Bizim.Media onun Musavat.com-a göndərdiyi yazının mətnini təqdim edir:
MÖVZU İLƏ BAĞLI:
Nəcəf Müseyibli Ramiz Mehdiyevin cavabını verdi - ÖZƏL TƏFƏRRÜAT
"Dünən AMEA-nın prezidenti Ramiz Mehdiyevin adından verilən, əslində onun özünün hazırladığı bəyanatı təəssüf hissi ilə oxudum.
Bəri başdan onu deyim ki, bəyanat tam böhtan üzərində qurulub və onun adına və vəzifəsinə yaraşan bir hərəkət deyil.
Onun bəyanatının xeyli hissəsi mənə həsr olunub. 84 yaşlı akademikin ünvanıma yağdırdığı böhtanlar onun özünün acizliyinin göstəricisidir. Əlbəttə onun bu böhtanları mənim mətbuat vasitəsi ilə onu istefaya səsləməyimdir. Mən öz yazılarımda konkret faktlara əsaslanmışam, R.Mehdiyevsayağı böhtan atmamışam.
Amma R.Mehdiyevin məhkəmənin qərarı olmadan məni dövlətin vəsaitini mənimsəməkdə ittiham etməsi özü bir qanun pozuntusudur. Hələ onun yaşına yaraşmayan təhqiredici ifadələrini demirəm.
R.Mehdiyevin bəyanatında göstərilir ki, İnstitutda aparılan yoxlamalar dəhşətli faktların ortaya çıxmasına səbəb oldu.
R.Mehdiyevin sözlərindən belə çıxır ki, bu dəhşətli faktların müəllifi mənəm. Görünür doğrudan da R.Mehdiyevin AMEA-nın idarəçiliyindən xəbəri olmaması barədəki fikirlər danılmaz bir həqiqətdir. Heç bir məsuliyyət hiss etmədən böyük bir müəssisənin rəhbərinin əməkdaşı əsassız olaraq ittiham etməsi heç bir əndazəyə sığmır.
R.Mehdiyev hələ də bilmir ki, mən elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışam və İnstitutdakı maliyyə işlərinə cavabdehlik daşımamışam.
Əvvəlki direktor işdən azad ediləndən sonra bir aya yaxın müddətdə direktorun səlahiyyətlərini icra etmişəm. Yalnız bu bir ay müddətində mənim imza hüququm olub və həmin imzalarıma da cavabdehəm. İndi R.Mehdiyev məsuliyyətsizcəsinə bildirir ki, guya mən külli miqdarda dövlət vəsaitini mənimsəmişəm. Əgər bu bir ayda mümkündürsə o zaman o özü AMEA-ya rəhbərlik etdiyi 2,5 il ərzində görəsən nə qədər vəsait mənimsəyib?
R.Mehdiyevin bildirdiyinə görə, guya mən əvvəlki direktorun xəstəliyindən istifadə edib saxtakarlıqla məşğul olmuşam.
Bildirmək istəyirəm ki, əvvəlki direktor xəstə olduğu üçün 10 ay müddətində işə gələ bilmədi. Amma bu müddət ərzində onun səlahiyyətləri də institutun möhürü də özündə saxlanıldı. İnstitutun maliyyə sənədlərinə xəstəxanalarda möhür vurulurdu. Məgər R.Mehdiyev bunları bilmirdi? O bilmirdi ki, uzun müddət öz vəzifəsini fiziki baxımdan icra edə bilməyən şəxs Əmək Məcəlləsinə görə işdən azad edilməlidir?
Əlbəttə, R.Mehdiyev bütün bunları yaxşı bilirdi. İndi özü desin, hansı maraqları naminə əvvəlki direktoru işdən kənarlaşdırmırdı və əksinə, mütəmadi olaraq instituta büdcə vəsaitləri ayırırdı?
Hələ 2020-ci ilin payızında mən AMEA-nın vəzifəli şəxslərinə (hələlik onların adlarını açıqlamıram, düşünürəm ki, onların bir günahı yoxdur) bildirdim ki, instituta maliyyə vəsaitlərinin ayrılmasını və bu vəsaitlərdən standart olaraq 20 % rüşvətin yığılmasını dayandırsınlar. Mənim bu tələbim barədə R.Mehdiyevin özünə də məlumat çatdırmışdılar. Amma heç bir tədbir görülmədi.
İndi R.Mehdiyev məni özünün göndərdiyi yoxlama komissiyasının arayışı ilə, hüquq-mühafizə orqanları ilə hədələyir.
Mən əvvəlki yazımda da bildirdiyim kimi həmin arayışda mənim adım yalnız bir yerdə və səlahiyyətlərinin icrasına imkan verilməyən, yəni zərərçəkmiş kimi qeyd edilmişdir. Görünür R.Mehdiyev özünün göndərdiyi komissiyanın arayışını özü oxumayıb. Əksinə, əvvəlki direktor işdən azad edilən kimi R.Mehdiyev öz qərarı ilə məni direktor əvəzi təyin etmişdi.
Əgər onun dediyi kimi, komissiya mənim saxtakarlığımı aşkar etmişdirsə o məni niyə bu vəzifəyə təyin edirdi?
Ümumiyyətlə, R.Mehdiyevin böhtanla dolu bəyanatını geniş şərh etmək fikrim yoxdur. Amma ona bildirmək istəyirəm ki, məni baş direktor təyin etmək məqsədi ilə məndən rüşvət almaq üçün üstümə göndərdiyi adamın adını hələlik çəkmirəm. Sadəcə başqalarının da onun ucbatından ziyan çəkməsini istəmirəm.
R.Mehdiyev onu da bilsin ki, onun kimin sazının havasına oynadığını yaxşı bilirəm. Amma atalar demişkən, aşığın sözü qurtaranda dalay-dalay deyər".
Nəcəf Müseyibli Tarix elmləri doktoru, professor, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri.
Bizim.Media