Fevralın 15-də Dövlət İmtahan Mərkəzi (DİM) Bakı və Naxçıvan şəhərlərində doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçılar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirir.
Bizim.Media xəbər verir ki, imtahanda 258 nəfərin iştirakı nəzərdə tutulur. İmtahan saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
İddiaçılar imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- Şəxsiyyəti təsdiq edən sənədin əsli;
- İmtahana buraxılış vərəqəsi.
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
İmtahan müddətinin ilk 1 saat 30 dəqiqəsi test tapşırıqlarının cavablandırılmasına, son 1 saat 30 dəqiqəsi isə yazılı tapşırıqların yerinə yetirilmәsinә (esse və vizual məlumatın yazılı təsviri üçün) ayrılır.
İmtahanın keçirilməsi üçün ümumilikdə 2 imtahan binası ayrılıb.
Qeyd edək ki, imtahanlar elektron formada keçiriləcək. Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı isə ənənəvi qaydada kağız daşıyıcılar vasitəsilə keçiriləcək.
Fevralın 15-də keçirilən imtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olacaq. Bu imtahanda iştirak etməyən iddiaçılar danışıq bloku üzrə imtahana buraxılmırlar.
Qeyd edək ki, danışıq bloku üzrə imtahan fevralın 19-da keçiriləcək. Danışıq bloku üzrə imtahanda iştirak etməyən iddiaçılar ilk 4 blok üzrə 30 bal və daha yüksək nəticə göstərsələr belə, şəhadətnamə ilə təmin olunmayacaqlar.
Həm xarici dil üzrə fəlsəfə doktoru imtahanlarında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında namizədlərin və iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Yazı və danışıq bloku üzrə tapşırıqlar 10 ballıq şkala üzrə qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq blokları üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azı 30 bal toplamış iddiaçılar və əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanından azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab edilirlər.
Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru və danışıq bloku imtahanı fevralın 16-da keçiriləcək.
Bizim.Media
































































































