Türkiyədə dələduzluqda ittiham edilən Azərbaycan vətəndaşı 26 yaşlı Səbinə Vahabova axtarışa verilib.
Bizim.Media “Halktv”yə istinadən xəbər verir ki, S.Vahabovanın “ailə qurduğu” şəxsləri aldadaraq toy məclisindən toplanan qızılları ələ keçirib qaçdığı məlum olub. Belə ki, Türkiyə polisinə ilk müraciət ötən ilin 28 noyabrında Çorum şəhərindən daxil olub.
Müraciət edən şəxs Səbinə ilə dini nikaha daxil olduğunu və toy keçirildiyini, həmin mərasimdə qonaqlar və yaxın qohumların onlara 500 min lirə dəyərində qızıl hədiyyə etdiyini deyib. Lakin toydan 1 gün sonra S.Vahabova qızılları götürərək qaçıb.
Növbəti analoji hadisə isə bu ilin fevralında Kocaeli vilayətinin Gebze şəhərində baş verib. Polisə müraciət edən 39 yaşlı kişi Səbinə ilə tanış olub evləndiyini və dini nikaha daxil olduğunu, lakin qadının 300 minlik qızılları götürüb yoxa çıxdığını bildirib.
S.Vahabovanın görüntüləri yayıldıqdan sonra daha bir nəfər Konyadan oxşar şikayətlə müraciət edib. Həmin şəxs Zəhra Zamarova adlı qadınla tanış olub evlənmək niyyətində olduğunu, lakin həmin qadının özünü şübhəli apardığını hiss etdiyini deyib. Onun şəkillərini çəkməyə icazə vermədiyindən qadın qısa müddət sonra Konyanı tərk edib və həmin şəxsdən uzaqlaşıb.
Bildirilir ki, S.Vahabovanın ad-soyadını dəyişdirərək başqa şəxslərə qarşı da oxşar əməllər törətdiyi istisna edilmir. (qafqazinfo.az)

Bizim.Media


































































































