“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbərliyi Ramiz Mehdiyevin Akademiyanın həqiqi üzvlüyündən çıxarılması haqqında bir neçə dəfə qəti mövqeyini ifadə edib”.
Bizim.Media xəbər verir ki, bu barədə AMEA məlumat yayıb.
Bildirilib ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dövlətə xəyanətdə, hakimiyyəti zorla ələ keçirməkdə ittiham olunan Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının üzvlüyündə qala bilməz.
"Milli Elmlər Akademiyası Ramiz Mehdiyevin Akademiyanın həqiqi üzvlüyü məsələsinə baxıb, onu üzvlükdən xaric edəcək. Bu barədə ictimaiyyətə məlumat veriləcəkdir. Milli Elmlər Akademiyasının kollektivi baş vermiş cinayət hadisələrini qətiyyətlə pisləyir və bağışlanmaz olduğunu bildirir", - məlumatda qeyd olunub.
Xatırladaq ki, Bakı şəhəri Səbail rayon məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib.
Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Xatırladaq ki, Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə isə AMEA-nın prezidenti olub.
Bizim.Media





























































































