Milli Məclisin bu gün keçirilən iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi” (2025-ci il üzrə) müzakirə olunub.
Bizim.Media xəbər verir ki, hesabatda bələdiyyələrin fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, təhlillər nəticəsində əsasən bələdiyyələrin fəaliyyətində yol verilən nöqsanlar arasında bələdiyyələrin adından başqalarına hüquq verən saxta sənədlərin hazırlanması, bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin saxta sənədlər əsasında satılması, bələdiyyənin vəzifəli şəxsləri tərəfindən bələdiyyə əmlakı barəsində təkbaşına qərar verilməsi, bələdiyyə əmlakının mənimsənilməsi və ya israf edilməsi, vergi toplanması və s. yer tutur.
Qeyd edilib ki, aparılmış müxtəlif dövrləri əhatə edən araşdırmalar zamanı cinayət əlamətləri aşkar edilərək toplanmış sənədlər 62 halda hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib.
Həmin materiallardan 14-ü üzrə cinayət işi başlanılıb, 17-si üzrə qanun pozuntularının aradan qaldırılması barədə təqdimatlar verilib, 31-i üzrə isə araşdırma yekunlaşmayıb.
İnzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 3142 ha torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib. Nəticədə 3121 ha torpaq sahəsinin icarəyə, 21 ha torpaq sahəsinin isə mülkiyyətə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib.
İl ərzində örüş sahələrinin qanunsuz olaraq ayrı-ayrı şəxslərə ayrılması, zəbt olun-ması və digər pozuntulara qarşı qanunamüvafiq tədbirlər davam etdirilib, nəticədə 2057 ha örüş sahəsi ilə bağlı qanunsuz bələdiyyə aktları inzibati nəzarət orqanının təklifləri və ya məhkəmələrə verilmiş iddialar əsasında ləğv olunub və ya dəyişdirilib.
2025-ci il ərzində debitor borcların ödənilməsi ilə bağlı bələdiyyələr tərəfindən qəbul edilmiş 9696 inzibati akt icra məmurları tərəfindən icraata qəbul olunub və icraatda qalıqla birgə 17053 inzibati akt olub.
İl ərzində onlardan 11360-nın, başqa sözlə 66,6%-nin icraatı tamamlanıb yaxud icrası qismən təmin edilib, 2025-ci ilin sonuna qalıq qalan 5693 iş nəzarətdə saxlanılmaqla icrası istiqamətində zəruri tədbirlər görülməkdədir.
Müzakirələrdən sonra hesabat səsverməyə qoyularaq qəbul edilib.
Günay Şahmar, Bizim.Media






























































































