“2025-ci ildə dövlət büdcəsindən yerli büdcələr 7,5 milyon manat dotasiya ayrılıb. Birləşmədən sonra ölkə üzrə 685 bələdiyyənin olduğunu nəzərə alsaq, orta hesabla hər bələdiyyə üçün illik dotasiya məbləği 10 min 950 manat, aylıq isə 912 manat ayrılması deməkdir. Bu isə o deməkdir ki, bələdiyyələrin imkanlarının genişləndirilməsi üçün onların maliyyə təminatının daha da gücləndirilməsinə ehtiyac var. Təbii ki, büdcədən kənar maliyyə mənbələrinin bu kontekstdən şaxələndirilməsi vacibdir”.
Bizim.Media xəbər verir ki, bunu deputat Vüqar Bayramov parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.
O bildirib ki, dövlət büdcəsindən vəsait bölüşdürülməsi daha çox keyfiyyət indikatorları əsasında həyata keçirilməlidir:
“Bələdiyyələrin maliyyə təminatı ilə bağlı digər məqam dövlət büdcəsindən dotasiyanın həcmi ilə yerli gəlirlərin məbləğinin kəskin fərqlənməməsidir. Hesabatdan da görünür ki, bələdiyyələr mövcud iqtisadi potensialdan tam olaraq istifadə etmirlər. Bu isə onların büdcədən asıllığını gücləndirir”.
Onun sözlərinə görə, bələdiyyələrin səlahiyyətlərinin və maliyyə imkanlarının genişləndirilməsi üçün bələdiyyələrin birləşdirilməsi məsələsinə baxılması məqsədə uyğun olardı:
“Son birləşmədən sonra da Azərbaycanda bələdiyyələrin sayı struktur olaraq yaxın ölkələr ilə müqayisədə yenə də çoxdur. Bu isə onların fəaliyyətlərinin səmərəliliyinə və eləcə də şəffaflığına təsir göstərir. Bələdiyyələr fiziki şəxslərdən torpaq, əmlak vergisinin, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin və bələdiyyə müəssisəsindən alınan mənfəət vergisinin yığılmasına məsuldur.
Bələdiyyələrin çoxunun ərazisində isə yerli əhəmiyyətli tikinti materialları yoxdur və bələdiyyə müəssisələri demək olar ki, mövcud deyil. Bu baxımdan bələdiyyələr üçün daha dayanıqlı maliyyə mənbələrinin formalaşdırılmasına ehtiyac var.
Bələdiyyələrin fəaliyyətinin gücləndirilməsi üçün dövlət büdcəsindən dotasiyanın verilməsinə keyfiyyət meyarlarından istifadə olunması, daha yaxşı performans göstərən bələdiyyə daha çox dotasiya verilməsi, dotasiyanın məbləğinin müəyyənləşdirilməsində yaşayış məntəqəsinin növü (şəhər, qəsəb və kənd) nəzərə alınmaqla xüsusi əmsallar tətbiq edilməli, bələdiyyə aktlarının və sənədlərinin elektronlaşdırılması prosesinin daha da sürətləndirilməsi, bələdiyyələrin maliyyə mənbələrinin şaxələndirilməsi və genişləndirilməsi üçün fiskal mənbələrin sayının artılmasını nəzərə alınmasını tövisyə edirik”.
Günay Şahmar, Bizim.Media






























































































